Seçki xəbərləri
Seçicilər ən layiqli namizədlərə səs verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, İmişli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin İmişli şəhəri, Heydər Əliyev prospektində yaşayan seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ölkəmizdə bütün sahələrdə aparılan islahatların əhəmiyyətindən, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin effektivliyinin artırılması üçün görülən işlərdən danışıb. O bildirib ki, çoxşaxəli islahatlar nəticəsində ölkəmizdə idarəetmə sistemi təkmilləşib və bələdiyyələrin səmərəli fəaliyyəti üçün geniş imkanlar yaranıb.
Bələdiyyə üzvlüyünə namizədlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən və digər uğurlardan bəhs ediblər. Natiqlər YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri seçki məntəqələrinə gedərək partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və bələdiyyə üzlüyünə namizədlər seçicilərlə məhəllə görüşləri də keçirib.