12 dekabr 1999-cu il - Azərbaycan Respublikasının bələdiyyə seçkiləri
1999-cu ilin dekabrın 12-də Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirilmişdir. İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu 74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılmış, bunlarında tərkibində ümumən 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olmuşdur. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət etmişdir. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak etmişdir. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilmişdir. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilmişdir. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatmışdır .