2009-cu ildə keçirilmiş Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası 10 min 431 bələdiyyə üzvü yerini qazanmışdır.
2009-cu ilin dekabrın 23-də Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, 2009-cu il bələdiyyə seçkilərində də öz iradəsini ortaya qoymuş, seçkilərin şəffaf, azad, demokratik şəraitdə keçirilməsi partiyanın ali məqsədlərindən biri olmuşdur. Belə ki, Yeni Azərbaycan Partiyası tərəfindən ötən seçkilərin nəticələri təhlil edilmiş, müsbət və mənfi hallar nəzərdən keçirilmiş, seçkilərdə yenidən qalib gəlmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Daha qabiliyyətli insanların namizədliyini irəli sürmək, yaxşıların yaxşısını seçmək, seçkiləri beynəlxalq standartlara uyğun keçirmək, seçki qanunvericiliyinin pozulmasının qarşısını almaq üçün seçkilərə ciddi hazırlıq görülmüş, partiyanın bütün rayon təşkilatlarında qərargahlar yaradılmışdır. Partiyanın xətti ilə təşkil edilən bütün tədbirlər, toplantılar, müşavirələr, diskussiyalar bilavasitə insanlara konstitusion hüquqlarının, seçkinin mahiyyətinin və əhəmiyyətinin izah edilməsinə, seçkilərdə əhalinin fəallığının təmin olunmasına yönəldilmişdir. Hər bir vətəndaşın, partiya üzvünün seçkilərin hazırlanmasında və keçirilməsində fəal iştirakını vacib hesab edən YAP öz üzvlərini hamılıqla bu mühüm kampaniyanın keçirilməsinə cəlb etmişdir.
Mərkəzi Seçki Komissiyasının keçirilmiş seçkilərdə bələdiyyə üzvü seçilmiş namizədlər haqqında statistik məlumatında bildirilir ki, seçkilərdə qalib gəlmiş şəxslərin 10 min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları, 4809 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası bu seçkilərdə də əhəmiyyətli uğur əldə etmiş, 10 min 431 bələdiyyə üzvü yerini qazanmışdır. Həmçinin, Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunmuşdur ki, bələdiyyələrdə digər siyasi partiyalardan BQP 132 yer, BAXCP 81, AVP 62, VHP 61, Ümid 41, ADİSP 15, VBP 14, ASRP 5, Müsavat isə 4 yer qazanmışdır. Bitərəflərin sayı 4157, partiya mənsubiyyətini göstərməyənlər isə 157 nəfər olmuşdur. Seçilmiş bələdiyyə üzvlərinin 9 min 979-u ali, 2711-i orta ixtisas, 2825-i orta, 76-sı isə natamam ali təhsillidirlər. Bələdiyyə üzvlərinin 11517-ni kişilər, 4074-nü qadınlar təşkil etmişdir. Bələdiyyə üzvlərinin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupuna daxil olmuşdur. 659 nəfərinin yaşı isə 60-dan yuxarı olmuşdur. Əhalinin olduqca böyük həvəs və ruh yüksəkliyi ilə qatıldığı seçkilər demokratik, şəffaf və ədalətli şəkildə keçirilmiş və seçkilərin nəticəsi olaraq 15 min 591 nəfər bələdiyyə üzvü seçilmişdir. Göründüyü kimi bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının möhtəşəm uğurlar silsiləsində növbəti mərhələ olmuşdur.