Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
(Protokol №3, 10.09.2021-ci il)
Yeni Azərbaycan Partiyası
Mərkəzi Aparatının
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı (bundan sonra – Mərkəzi Aparat) Partiyanın strukturuna daxil olan və bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyət göstərən qurumdur.
1.2. Mərkəzi Aparat qanunvericilik, Yeni Azərbaycan Partiyasının (bundan sonra - YAP) Nizamnaməsi, orqanlarının qərarları və bu Əsasnamə əsasında fəaliyyət göstərir.
1.3. Mərkəzi Aparat öz fəaliyyətini qanunçuluq və şəffaflıq prinsipləri əsasında qurur.
1.4. Mərkəzi Aparat öz fəaliyyətini YAP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.
1.5. Mərkəzi Aparatın üzərində adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları vardır.
1.6. Mərkəzi Aparatın saxlanması xərcləri və fəaliyyəti YAP-ın Nizamnaməsində nəzərdə tutulmuş mənbələr hesabına maliyyələşdirilir.
2. Mərkəzi Aparatın fəaliyyət istiqamətləri
Mərkəzi Aparat YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edir, habelə YAP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirir.
3. Mərkəzi Aparatın vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzi Aparat aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsində iştirak etmək, bu sahədə vəziyyəti öyrənmək və mövcud olan problemlərin həlli istiqamətində tədbirlər görmək;
3.0.2. YAP orqanlarının (qurumlarının) işini əlaqələndirmək;
3.0.3. YAP sədrinin, onun birinci müavininin və digər müavinlərinin (bundan sonra - rəhbərlik) tapşırıqlarını icra etmək;
3.0.4. rəhbərliyin tapşırıqlarını YAP-ın yerli təşkilatları tərəfindən yerinə yetirməsinə nəzarət etmək;
3.0.5. rəhbərliyin tapşırıqlarının icrası ilə bağlı yaranan problemləri öyrənmək və onların həlli istiqamətində tədbirlər görmək;
3.0.6. rəhbərliyin sərəncam və əmrlərinin layihələrini hazırlamaq və imzalanmaq üçün təqdim etmək;
3.0.7. rəhbərliyin ölkə daxilində və xarici ölkələrə səfərlərini təşkil etmək, onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını həyata keçirmək;
3.0.8. rəhbərliyin sədrlik etdikləri iclasların, habelə onların rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin etmək, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlamaq;
3.0.9. rəhbərliyi zəruri analitik-informasiya materialları ilə təmin etmək, onların çıxışlarının və məruzələrinin mətnlərini hazırlamaq;
3.0.10. kütləvi informasiya vasitələrində YAP-ın fəaliyyətinin işıqlandırılmasını, rəsmi internet saytının və sosial şəbəkələrdəki səhifələrinin fəaliyyətini və daim yenilənməsini təmin etmək;
3.0.11. Mərkəzi Aparatın maliyyə-təsərrüfat fəaliyyəti barədə YAP-ın Təftiş Komissiyasına rüblük hesabat vermək;
3.0.12. rəhbərliyin fəaliyyətinə dair kütləvi informasiya vasitələrində dərc edilmiş məlumatların xülasəsini və digər məlumatların icmalını hazırlayaraq rəhbərliyə təqdim etmək;
3.0.13. rəhbərliyin fəaliyyətini əks etdirən sənədləri (materialları) arxiv üçün toplamaq, sistemləşdirmək və saxlamaq;
3.0.14. YAP-ın orqanlarında (qurumlarında) kadr məsələləri sahəsində rəhbərliyin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;
3.0.15. YAP-ın orqanlarından (qurumlarından) daxil olan məlumat və təklifləri nəzərdən keçirərək ümumiləşdirmək, rəhbərliyə təqdim olunmaq üçün hazırlamaq;
3.0.16. şəxslərin YAP-ın üzvlüyünə qəbul olunması və üzvlüyündən çıxarılması ilə bağlı YAP-ın Nizamnaməsinə uyğun olaraq tədbirlər görmək;
3.0.17. rəhbərliyin tapşırığı ilə Mərkəzi Aparat işçilərinin YAP orqanlarının (qurumlarının) iclaslarında iştirakını təmin etmək;
3.0.18. YAP Qurultayının, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin fəaliyyətlərinə təşkilati dəstək vermək;
3.0.19. YAP-ın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.0.20. YAP-ın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.21. dövlət sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.0.22. YAP-ın informasiya təminatını təşkil etmək;
3.0.23. yerli təşkilat konfranslarının qərarlarını yerli təşkilatın fəaliyyətinə qiymət verilərkən nəzərə almaq;
3.0.24. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.0.25. rəhbərlik və İdarə Heyəti tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Mərkəzi Aparatın hüquqları
4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzi Aparatın aşağıdakı hüquqları vardır:
4.0.1. YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;
4.0.2. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları rəhbərliyə təqdim etmək;
4.0.3. YAP qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə təkliflər vermək;
4.0.4. siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər hazırlamaq;
4.0.5. hər hansı məsələnin araşdırılması və ya həlli üçün YAP-ın üzvlərini, müstəqil ekspert və mütəxəssisləri cəlb etmək, işçi qruplar yaratmaq;
4.0.6. xüsusi xidmətləri olan YAP üzvlərinin və digər şəxslərin həvəsləndirilməsi üçün tədbirlər görmək, onların təltif və mükafatlandırılması üçün təqdimat vermək;
4.0.7. YAP-ın orqanlarına (qurumlarına), dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.8. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək, bu cür tədbirlərdə iştirak etmək;
4.0.9. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ianələr və digər gəlirlər əldə etmək;
4.0.10. yerli təşkilatların sədrlərinə qanuna zidd olmayan əqdlər bağlamağa, əmlak və qeyri-əmlak hüquqları əldə etməyə və həyata keçirməyə razılıq vermək;
4.0.11. yerli təşkilatlara “Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq ərazidə yığıncaqlar, mitinqlər, nümayişlər, yürüşlər, piketlər və toplantılar təşkil etməyə razılıq vermək;
4.0.12. məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
4.0.13. rəhbərlik və İdarə Heyəti tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Mərkəzi Aparatın fəaliyyətinin təşkili
5.1. Mərkəzi Aparata rəhbərliyi YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri (bundan sonra - Mərkəzi Aparatın rəhbəri) həyata keçirir. Mərkəzi Aparat rəhbərinin iki müavini vardır.
5.2. Mərkəzi Aparatın strukturunu və işçilərinin vəzifələrə görə əməkhaqlarını YAP-ın sədri təsdiq edir.
5.3. Mərkəzi Aparatın işçilərinin say həddini və struktur bölmələrinin ştat cədvəlini YAP-ın sədri ilə razılaşdırmaqla Mərkəzi Aparatın rəhbəri təsdiq edir.
5.4. Mərkəzi Aparatın rəhbəri və digər işçiləri əsas iş yeri üzrə Mərkəzi Aparatda çalışırlar və buna görə əməkhaqqı alırlar.
5.5. Mərkəzi Aparatın rəhbəri Mərkəzi Aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.
5.6. YAP-ın Gənclər Birliyi Mərkəzi Aparatın rəhbərinə tabedir.
5.7. Mərkəzi Aparat rəhbərinin müavinləri YAP İdarə Heyətinin iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər.
5.8. YAP-ın üzvü Mərkəzi Aparatın hərəkət və ya hərəkətsizliyindən YAP-ın Təftiş Komissiyasına şikayət vermək hüququna malikdir.
6. Mərkəzi Aparatın rəhbəri
6.1. Mərkəzi Aparatın rəhbəri YAP-ın Nizamnaməsi və bu Əsasnamə ilə Mərkəzi Aparata həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
6.2. Mərkəzi Aparatın rəhbəri:
6.2.1. Mərkəzi Aparatın cari fəaliyyətini təşkil edir, Mərkəzi Aparatı formalaşdırır və ona rəhbərlik edir;
6.2.2. Mərkəzi Aparatı dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, habelə yerli, xarici və beynəlxalq təşkilatlarda təmsil edir;
6.2.3. YAP-ın sədri tərəfindən səlahiyyətlərinin ona həvalə edilmiş hissəsini həyata keçirir;
6.2.4. Mərkəzi Aparat rəhbərinin müavinlərinin və Mərkəzi Aparatın struktur bölmələri rəhbərlərinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və işlərini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;
6.2.5. YAP sədrinin və onun birinci müavininin tapşırıqlarının, YAP sədrinin sərəncam və əmrlərinin icrasını təşkil edir, bununla əlaqədar Mərkəzi Aparatın struktur bölmələrinə, YAP-ın Gənclər Birliyinə və yerli təşkilatlarına müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və həmin qurumlardan zəruri məlumatları alır;
6.2.6. YAP-ın sədrinə imzalanmaq üçün təqdim edilən bütün sərəncam və əmr layihələrinə viza verir;
6.2.7. şəxsin YAP-ın üzvlüyünə qəbul edilməsi haqqında qərar qəbul edir, həmçinin üzvlükdən çıxma haqqında müraciətini təsdiq edir;
6.2.8. Mərkəzi Aparatın fəaliyyətinə dair əmrlər verir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
6.2.9. Mərkəzi Aparatın strukturu və işçilərinin əməkhaqları barədə YAP-ın sədrinə təkliflər verir;
6.2.10. bu Əsasnamənin 5.3-cü və 5.5-ci bəndlərində nəzərdə tutulmuş məsələləri həll edir;
6.2.11. yerli təşkilat Aparatlarının işçilərinin say həddini, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
6.2.12. İdarə Heyətinin qərarına əsasən yerli təşkilatların sədrlərinin və YAP-ın kütləvi informasiya vasitələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini əmrlə rəsmiləşdirir;
6.2.13. yerli təşkilat Aparatının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;
6.2.14. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzi Aparatda dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;
6.2.15. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Aparatda və yerli təşkilatlarda informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;
6.2.16. icrası Mərkəzi Aparatın səlahiyyətlərinə aid edilən məsələlərin öyrənilməsi və həlli üçün işçi qruplar yaradır;
6.2.17. Mərkəzi Aparatın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
6.2.18. İdarə Heyətinin iclasını təşkil edir, YAP-ın sədri və onun birinci müavini iştirak etmədiyi halda iclasa rəhbərlik edir;
6.2.19. YAP-ın üzvlərinə münasibətdə YAP-ın Nizamnaməsi ilə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərinin tətbiqi barədə İdarə Heyəti qarşısında məsələ qaldırır;
6.2.20. YAP-a ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
6.2.21. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Mərkəzi Aparat işçilərinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;
6.2.22. qanuna zidd olmayan əqdlər bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir və həyata keçirir;
6.2.23. bu Əsasnamə ilə, həmçinin YAP-ın sədri, onun birinci müavini və İdarə Heyəti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
6.3. Mərkəzi Aparatın rəhbəri öz səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin müavinləri tərəfindən icrası Mərkəzi Aparat rəhbərinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən həyata keçirilir.