YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

TARİXİ ARAYIŞ

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay habelə Siyasi Şuranın yeni tərkibini, YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır.

2000-ci ilin noyabr ayının 12-də MM-ə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.

Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir.
Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.

Ümummilli lider Heydər Əliyev qanunvericiliyin daha da təkmilləşdirilməsi, ölkəmizin Avro-atlantik məkana inteqrasiyasını  daha  da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də imzaladığı Fərmanla 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirmişdir. Yeni Azərbaycan Partiyasının dəstəklədiyi ümumxalq səsverməsində əhalinin böyük əksəriyyəti  Konstitusiyada  dəyişikliklər  edilməsi  haqqında  referendum aktına səs verərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişdir. 

2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.

2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir.

2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür (29 maddəyə). Azərbaycan Respublikasının Milli Məclisi YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etmiş və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir. 18 mart 2009-cu ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir.

Yeni Azərbaycan Partiyası 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanmış və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoymuşdur.

2010-cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz, 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək, 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi.

Yeni Azərbaycan Partiyası 2011-ci ilin dekabr ayının 21-də növbəti beynəlxalq konfransa ev sahibliyi etmişdir. “Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya, Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak etmişdir. Ölkə praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olmuş, YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci ilin iyun ayının 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımışdan mühüm əhəmiyyət daşımışdır. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilmişdir. Həmçinin, 2012-ci ilin noyabrın 21-də Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi komitəsinin 18-ci iclası keçirilmişdir. Daimi komitənin iclasında İCAPP-ın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən noyabrın 22-23-də Bakı şəhərində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına hazırlıq işlərinin vəziyyəti, eləcə də təşkilatın qarşısında duran digər vəzifələr müzakirə edilmişdir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakıda Gülüstan sarayında öz işinə başlamışdır. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda iki gün və 4 plenarda davam edən Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak etmişdir. Tədbirin sonunda qurumun Qadınlar və Gənclər qollarının 2013-cü ildə Bakıda birinci forumlarının keçirilməsi haqqında razılığa gəlinmiş və “Bakı bəyannaməsi” qəbul olunmuşdur. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulanmışdır. YAP-ICAPP əməkdaşlığı çərçivəsində 2013-cü ilin aprel ayının 4-6-da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclası keçirilmiş və mühüm qərarlar alınmışdır. İclasın sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir.

2016 –cı ilin  mayın 31-də YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclik və qlobal çağırışlar” mövzusunda keçirilən konfransda İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri iştirak etmişlər.

2013-cü il iyun ayının 7-də  Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir.

2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (84.54%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  

Noyabrın 1-də 2015-ci ildə keçirilən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 71 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır. 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar  seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi qələbə qazanmışdır.

2016-ci il sentyabrın 26 -da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü keçirilən ümumxalq səsverməsində (referendumda) yüksək qiymətləndirilmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir. Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.  26 sentyabr 2016-cı il ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.

2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.   

2018-ci il fevral ayının 8-də  Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  

2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %)  Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  

2018-ci il may ayının 18- də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev  Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir.

2021-ci il mart ayının 5-də  Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.

2022-ci il noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış etmişdir.

Yeni Azərbaycan Partiyasının tarixi
(qısa xronologiya)

  • 16 oktyabr 1992-ci il - Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalılarının Heydər Əliyevə müraciəti
  • 24 oktyabr 1992-ci il - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı
  • 21 noyabr 1992-ci il - Yeni Azərbaycan Partiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi
  • 18 dekabr 1992-ci il - Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi
  • 1992-1993 - YAP rayon təşkilatlarının yaradılması
  • Fevral 1993-cü il - YAP sədri Heydər Əliyevin Bakıda partiya fəalları ilə görüşü
  • Aprel 1993-cü il - «Yeni Azərbaycan» qəzetinin ilk sayının çapdan çıxması
  • May-iyun 1993-cü il - Ölkədə 1993-cü ilin ortasında baş vermiş vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması üçün YAP-ın fəal ideoloji fəaliyyəti dövrü
  • 9 iyun 1993-cü il - YAP Sədri Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi
  • 15 iyun 1993-cü il - Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi
  • 3 oktyabr 1993-cü il - YAP sədri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
  • 19 noyabr 1994-cü il - YAP-ın iki illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi və müşavirədə YAP sədri, ölkə Prezidenti Heydər Əliyevin çıxışı
  • 12 noyabr 1995-ci il - Çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlment seçkilərində YAP-ın qələbə çalması
  • İyun 1995-ci il - YAP Qadınlar Şurasının və Gənclər Birliyinin təsis olunması
  • Noyabr 1997-ci il - YAP-ın yaranmasının 5 illiyinə həsr olunmuş ümumrespublika formunun keçirilməsi
  • 2 fevral 1998-ci il - YAP Gənclər Birliyinin ümumrespublika forumu. YAP Sədrinin forumdakı nitqindən irəli gələn məsələlər Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etmişdir
  • 11 oktyabr 1998-ci il - YAP Sədri Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi
  • 21 noyabr 1998-ci il - YAP-ın yaranmasının 6 illiyinə həsr olunmuş təntənəli yığıncağın keçirilməsi
  • 21-22 dekabr 1999-cu il - YAP-ın I Qurultayı
  • 12 noyabr 2000-ci il - Parlament seçkilərində YAP-ın qələbə çalması
  • 21 noyabr 2001-ci il - YAP-ın II Qurultayı
  • 24 avqust 2002-ci il- Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum)
  • 26 noyabr 2002-ci il - YAP-ın 10 illiyinə həsr olunmuş təntənəli yığıncağın keçirilməsi
  • 15 iyun 2003-cü il - Qurtuluş bayramının 10 illiyi «Heydər Əliyevin hakimiyyətə qayıdışının 10 illiyi»
  • 2 avqust 2003-cü il - İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
  • 15 oktyabr 2003-cü il - İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
  • 12 dekabr 2003-cü il - Heydər Əliyev vəfat etmişdir.
  • 17 dekabr 2004-cü il - Bələdiyyə seçkilərində YAP-ın qələbə çalması
  • 26 mart 2005-ci il - YAP-ın III Qurultayı
  • 2 iyun 2005-ci il - YAP Gənclər Birliyinin II konfransı
  • 15 iyun 2005-ci il - YAP-ın Qurtuluş bayramı münasibətilə Qələbə kinoteatrının qarşısında izdihamlı mitinqi
  • 14 oktyabr 2005-ci il - YAP Gənclər Birliyinin Azərbaycan gənclərinin IV Forumu münasibətilə «20 yanvar» metrostansiyasının yanından Qələbə kinoteatrının qarşısına qədər yürüş-mitinqi
  • 6 noyabr 2005-ci il - Parlament seçkilərində YAP-ın qələbə çalması
  • 27 sentyabr 2007-ci il - "Sivilizasiyarın dialoqu: siyasi partiyaların rolu" mövzusunda beynəlxalq konfrans
  • 21 noyabr 2007-ci il - YAP-ın 15 illiyinə həsr olunmuş tədbir
  • 7 may 2008-ci il - Ümummilli Lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda beynəlxalq konfrans
  • 2 avqust 2008-ci il - YAP - ın IV Qurultayı
  • 15 oktyabr 2008-ci il - İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi
  • 18 mart 2009-cu il - Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüsü referendumda (ümümxalq səsverməsində) vətəndaşların böyük əksəriyyəti tərəfindən müdafiə olunmuş və qəbul edilmişdir.
  • 23 dekabr 2009-cu il - bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəldi.
  • 7 noyabr 2010-cu il - Parlament seçkilərində YAP qələbə çaldı.
  • 29 yanvar 2011-ci il – Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III Hesabat konfransı
  • 21 dekabr 2011-ci il – «Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar» mövzusunda beynəlxalq konfransı
  • 22-23 iyun 2012-ci il – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci islası
  • 22-23 noyabr 2012-ci il – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının “Asiyada Təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda VII Baş Assambleyası
  • 4-6 aprel 2013-cü il – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclasının Azərbaycanda keçirilməsi
  • 7 iyun 2013-cü il – Yeni Azərbaycan Partiyasının V Qurultayı 
  • 9 oktyabr 2013-cü il - İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi (84.54%)
  • 23 dekabr 2014-cü il - Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib.
  • 24 dekabr 2014-cü il - “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib.
  • 2 sentyabr 2015-ci il – Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclası keçirilib.
  • 1 noyabr 2015-ci il – Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib.
  • 26 sentyabr  2016-cı il - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib.
  • 14 noyabr 2017-ci il. Heydər Əliyev Mərkəzi,  YAP-ın yaranmasının 25-ci ildönümü, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev təntənəli mərasimdə iştirak etmişdir.  
  • 8 fevral 2018-ci il – Yeni Azərbaycan Partiyasının VI Qurultayı 
  • 11 aprel 2018-ci il - İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi (86,03 %)
  • 23 dekabr 2019-cü il - Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq qələbəsini qazanıb.
  • 9 fevral 2020-ci il – Parlament seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq qələbəsinə imza atıb.
  • 5 mart 2021-ci il – Yeni Azərbaycan Partiyasının VII Qurultayı 
  • 21 noyabr 2022-ci il - Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.