YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YENİ AZƏRBAYCAN PARTİYASININ NİZAMNAMƏSİ

Yeni Azərbaycan Partiyasının ilk Nizamnaməsi 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis Konfransında qəbul  olunmuş və partiyanın I (1999, dekabr), II (2001, noyabr) və III (2005, mart) qurultaylarında ona əlavə və dəyişikliklər edilmişdir.

Hazırki Nizamnamə 2021-ci il martın 05-də partiyanın VII qurultayında qəbul edilmişdir.

 

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Yeni Azərbaycan Partiyası (bundan sonra – Partiya) Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən, ölkənin siyasi həyatında iştirak edən qeyri-kommersiya hüquqi şəxsidir.

1.2. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birləşmək (assosiasiyalar) azadlığı, könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq Partiyanın fəaliyyət prinsipləridir.

1.4. Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları, həmçinin digər rekvizitləri vardır.

1.5. Partiya öz rəmzlərinə (emblem,  bayraq, vımpel və nişanlara) malikdir.

1.6. Partiyanın qısaldılmış adı – YAP.

1.7. Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yer (hüquqi ünvanı)  – Azərbaycan Respublikası, Bakı şəhəri, S.Senyuşkin küçəsi 26.

 

2. PARTİYANIN MƏQSƏDİ

2.1. Partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsindən ibarətdir.

2.2. Partiya Azərbaycanın ümummilli lideri, Partiyanın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqi ilə məşğul olur.

2.3. Partiya Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyi, ərazi bütövlüyünü pozmağı, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyi, irqi, etnik və dini ədavəti qızışdırmağı məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində qanunvericiliyə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.

 

3. PARTİYANIN FƏALİYYƏT FORMALARI

3.0. Partiya aşağıdakı yolla siyasi fəaliyyət göstərir:

3.0.1. bu Nizamnaməyə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;

3.0.2. öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

3.0.3. vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq;

3.0.4. seçkilərdə və referendumlarda iştirak etmək;

3.0.5. qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətində iştirak etmək;

3.0.6. siyasi və sosial proqramların hazırlanması yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək;

3.0.7. Partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq.

 

4. PARTİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı hüquqları vardır:

4.1.1. fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, məqsəd və proqramlarını təbliğ etmək;

4.1.2. Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasının Milli Məclisinə və yerli özünüidarəetmə orqanlarına seçkilərdə, habelə referendumlarda iştirak etmək;

4.1.3. dövlət orqanlarına qanunvericilik aktlarının layihələrinin hazırlanmasına dair təkliflər vermək;

4.1.4. ictimai-siyasi həyatın müxtəlif məsələləri barədə təşəbbüslə çıxış etmək, o cümlədən dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər irəli sürmək;

4.1.5. Partiyanın yerli təşkilatlarını yaratmaq, onların yenidən təşkil olunması və  ləğv olunması barədə qərar qəbul etmək;

4.1.6. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün struktur bölmələrinə əmlak vermək;

4.1.7. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mitinqlər, nümayişlər, yürüşlər, piketlər və yığıncaqlar keçirmək;

4.1.8. konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək;

4.1.9. kütləvi informasiya vasitələrini təsis etmək;

4.1.10. könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq;

4.1.11. xarici dövlətlərin siyasi partiyaları və ictimai birlikləri ilə əməkdaşlıq etmək;

4.1.12. öz hüquqlarını müdafiə etmək və öz üzvlərinin qanuni maraqlarını təmsil etmək;

4.1.13. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ianələr qəbul etmək və digər gəlirlər əldə etmək;

4.1.14. qanunvericilik və bu Nizamnamə ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

4.2. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri vardır:

4.2.1. siyasi sabitliyin və qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadiyyatın dirçəldilməsinə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq;

4.2.2. dövlət və cəmiyyətin inkişafına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsində iştirak etmək;

4.2.3. Partiyanın Proqramını qəbul etmək;

4.2.4. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına, bu Nizamnaməyə və Partiyanın Proqramına əməl etmək;

4.2.5. Partiyanın üzvlərinin qeydiyyatını aparmaq;

4.2.6. Partiya, eləcə də onun yerli təşkilatları tərəfindən keçirilən tədbirlərdə (o cümlədən Qurultay və ya konfrans) səlahiyyətli orqanların nümayəndələrinin iştirakı üçün şərait yaratmaq; 

4.2.7. qanunvericiliklə müəyyən olunmuş qaydada mühasibat uçotunu aparmaq,  maliyyə hesabatını və maliyyə fəaliyyətinə dair əlavə məlumat və sənədləri aidiyyəti üzrə təqdim etmək;

4.2.8. Partiyanın hüquqi ünvanı və əlaqə telefonları dəyişdikdə, bu barədə məlumatları aidiyyəti dövlət orqanına təqdim etmək;

4.2.9. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilmiş sənədləri və məlumatları dövlət qeydiyyatı üçün aidiyyəti dövlət orqanına təqdim etmək;

4.2.10. dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməmək;

4.2.11. qanunvericilik və bu Nizamnamə ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. 

4.3. Partiya təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.

 

5. PARTİYANIN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiya tərəfindən üzvlərinin qeydiyyatı aparılır.

5.2. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz.

5.3. Şəxs Partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat şəxsi Partiyanın Nizamnaməsi və Proqramı ilə tanış etdikdən sonra onun barəsində zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlüyə qəbuletmə haqqında qərar Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən qəbul edilir və Mərkəzi Aparat tərəfindən Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.

5.4. Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına yazılı müraciət edir. Yerli təşkilat üzv barədə zəruri sənədləri Partiyanın Mərkəzi Aparatına təqdim edir. Üzvlükdən çıxma haqqında müraciət Partiyanın Mərkəzi Aparatının rəhbəri tərəfindən təsdiq edilir. Üzvlükdən çıxan şəxs tərəfindən üzvlük vəsiqəsi Partiyanın yerli təşkilatına təhvil verilir.

5.5. Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası partiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.6. Partiya üzvünün aşağıdakı hüquqları vardır:

5.6.1. müvafiq qaydada Partiyanın orqanlarını seçmək və onlara seçilmək;

5.6.2. Partiyanın fəaliyyəti haqqında məlumat almaq;

5.6.3. Partiyanın orqanlarına sual, sorğu, təklif, ərizə və şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq;

5.6.4. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların hərəkət və ya hərəkətsizliyindən Təftiş Komissiyasına, Təftiş Komissiyasının hərəkət və ya hərəkətsizliyindən Qurultaya, Qurultayın hərəkət və ya hərəkətsizliyindən isə məhkəməyə şikayət vermək;

5.6.5. öz iradəsini sərbəst formada ifadə etmək;

5.6.6. Partiyadan çıxmaq;

5.6.7. qanunvericilik və bu Nizamnamə ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

5.7. Partiya üzvünün aşağıdakı vəzifələri vardır:

5.7.1. bu Nizamnamənin və Partiya Proqramının müddəalarına əməl etmək;

5.7.2. Partiyanın fəaliyyətində iştirak etmək;

5.7.3. üzvlük haqqını ödəmək;

5.7.4. qanunvericilik və bu Nizamnamə ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. 

5.8. Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

5.8.1. Partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

5.8.2. məhkəmənin qərarı ilə Partiya üzvü məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.8.3. Partiya üzvlüyündən çıxdıqda və ya xaric olunduqda.

5.9. Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:

5.9.1. bu Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vuran hərəkət və ya hərəkətsizlik etmək;

5.9.2. bir ildən çox müddət ərzində Partiyanın işində üzrsüz səbəbdən iştirak etməmək;

5.9.3. digər partiyaya üzv olmaq.

5.10. Nizamnamə tələblərini pozan və ya Partiyanın nüfuzuna zərər vuran Partiya üzvünə aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

5.10.1. xəbərdarlıq;

5.10.2. töhmət;

5.10.3. Partiyada tutduğu seçkili və ya təyinatlı vəzifədən azad etmək;

5.10.4. Partiyadan xaric etmək.

5.11. İntizam tənbeh tədbirləri yerli təşkilatların təqdimatına əsasən İdarə Heyətinin qəbul etdiyi qərar əsasında tətbiq edilir. İntizam tənbeh tədbirləri haqqında qərardan bir ay ərzində Təftiş Komissiyasına şikayət verilə bilər.

5.12. Üzvlükdən xaric etmə haqqında qərarın qəbul edilməsi və ya üzvlükdən çıxmağa dair müraciətin təsdiqi üzvlükdən çıxma faktının Partiya tərəfindən qeydə alınması üçün əsasdır.

5.13. Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatların üzvlərinin daha yaxın inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlarda qeydiyyatı məsələsi İdarə Heyətinin qəbul etdiyi qərar əsasında həll edilir.

 

6. PARTİYANIN ORQANLARI VƏ STRUKTURU

6.1. Partiyanın orqanları aşağıdakılardır:

6.1.1. Qurultay;

6.1.2. Partiyanın Sədri;

6.1.3. İdarə Heyəti;

6.1.4. Təftiş Komissiyası.

6.2. Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir. 

 

7. QURULTAY

7.1. Qurultay Partiyanın ali rəhbər orqanıdır. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq seçilirlər.

7.2. Qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar Qurultayı İdarə Heyətinin qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya Partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır.

7.3. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:

7.3.1. Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi;

7.3.2. Partiya Sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi;

7.3.3. İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi;

7.3.4. Partiya Sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, həmçinin Veteranlar Şurasının üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;

7.3.5. Partiyanın yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

7.3.6. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.

7.4. Qurultay nümayəndələrinin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamənin 7.3.1-ci və 7.3.5-ci yarımbəndlərində göstərilən məsələlərə dair qərarlar Qurultayda iştirak edən nümayəndələrin üçdə iki səs çoxluğu ilə, 7.3-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə Qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Qurultay tərəfindən müəyyən edilir.

 

8. PARTİYANIN SƏDRİ

8.1. Partiyanın Sədri Partiyanın rəhbər orqanıdır və Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın Sədri Partiyanın Qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir. Partiya Sədrinin səlahiyyət müddəti 5 ildir (Partiya Sədrinin 5 il müddətinə seçilməsi tələbi bu Nizamnamə təsdiq edildikdən sonra seçilən Partiya Sədrinə şamil olunur). Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

8.2. Partiya Sədrinin birinci müavini və müavinləri vardır. Partiya Sədri müavinlərini təyin edir.

8.3. Partiyanın Sədri:

8.3.1. Partiyanın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, etibarnaməsiz Partiyanın adından hərəkət edir;

8.3.2. Partiyanın İdarə Heyətinə rəhbərlik edir;

8.3.3. Partiyanı ölkə daxilində və xaricdə təmsil edir;

8.3.4. Qurultayı açır, Qurultaya hesabat verir, İdarə Heyətinin iclaslarına sədrlik edir;

8.3.5. Partiyanın Mərkəzi Aparatının strukturunu, həmçinin onun və yerli təşkilatların işçilərinin əməkhaqlarını təsdiq edir;

8.3.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq şəxslərə etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam (bu Nizamnamənin 9.4.16-cı yarımbəndi nəzərə alınmaqla) verir;

8.3.7. Partiyanın İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin növbədənkənar iclaslarını çağırır;

8.3.8. Partiyanın sədri özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Təftiş Komissiyasına təqdim edir;

8.3.9. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

8.4. Partiyanın Sədri bu Nizamnamənin 8.3-cü bəndində qeyd edilən səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə həvalə edə bilər.

8.5. Partiyanın Sədri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur. 

 

9. İDARƏ HEYƏTİ

9.1. İdarə Heyəti Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. İdarə Heyətinin üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. İdarə Heyətinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

9.2. İdarə Heyətini üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü öz tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin İdarə Heyəti üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir.

9.3. Partiyanın Sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir.

9.4. İdarə Heyəti:

9.4.1. növbəti və növbədənkənar Qurultay çağırır, Partiyanın yerli təşkilatlarının təmsilçilik normasını müəyyən edir, həmçinin fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;

9.4.2. Partiyanın Proqramını qəbul edir, ona dəyişiklik və əlavələr edir;

9.4.3. Partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin növbədənkənar iclaslarını çağırır;

9.4.4. Partiyanın Veteranlar Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 11.8-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;

9.4.5. Gənclər Birliyinin say tərkibini müəyyənləşdirir, Partiya Sədrinin təqdimatı əsasında Partiyanın Gənclər Birliyinin üzvlərini, sədrini və sədr müavinlərini beş il müddətinə seçir və vaxtından əvvəl vəzifələrindən azad edir, həmçinin Gənclər Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 12.7-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;

9.4.6. bu Nizamnaməyə uyğun olaraq Partiyanın yerli təşkilatlarının yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarlar qəbul edir, yerli təşkilatların sədrlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin yerli təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 14.10-cu bəndində nəzərdə tutulmuş halda onların qərarlarını ləğv edir;

9.4.7. Partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrini təsdiq edir;

9.4.8. Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Partiyadan namizədləri irəli sürür;

9.4.9. yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Partiyanın yerli təşkilatlarına namizədlər irəli sürməyə razılıq verir;

9.4.10. üzvlük biletinin formasını müəyyən edir;

9.4.11. üzvlük haqlarının məbləğini və ödənilməsi qaydasını müəyyən edir;

9.4.12. ölkənin və onun ayrı-ayrı bölgələrinin ictimai-siyasi həyatının mühüm məsələləri barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir;

9.4.13. dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, digər qurumlar ilə qarşılıqlı əlaqə qurur;

9.4.14. Partiyanın siyasi partiyalar və digər ictimai birliklərlə ittifaq (birlik) qurması barədə qərar qəbul edir;

9.4.15. Partiyanın kütləvi informasiya vasitələrinin təsis edilməsi barədə qərar qəbul edir;

9.4.16. Partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir;

9.4.17. bu Nizamnamənin 9.2-ci, 10.2-ci və 11.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda kooptasiya barədə qərar qəbul edir;

9.4.18. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir;

9.4.19. Partiyanın digər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

9.5. İdarə Heyətinin iclasları İdarə Heyətinin müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları Partiya Sədrinin qərarı və ya İdarə Heyəti üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilə bilər.

9.6. İdarə Heyəti üzvlərinin yarıdan çoxunun iştirak etdiyi iclaslar səlahiyyətli sayılır. Bu Nizamnamənin 9.4.1-ci, 9.4.2-ci, 9.4.4-9.4.8-ci, 9.4.11-ci, 9.4.14-cü və 9.4.17-ci yarımbəndlərində göstərilən məsələyə dair qərarlar iclasda iştirak edənlərin üçdə iki səs çoxluğu ilə, 9.4-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) İdarə Heyəti tərəfindən müəyyən edilir.

 

10. TƏFTİŞ KOMİSSİYASI

10.1. Təftiş Komissiyası Partiyanın nəzarət-təftiş orqanıdır. Təftiş Komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. Təftiş Komissiyasının üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Təftiş Komissiyasının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

10.2. Təftiş Komissiyasını üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Təftiş Komissiyası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir.

10.3. Təftiş Komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və sədr müavini seçir. Təftiş Komissiyasının iclasları Komissiyanın müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir. Təftiş Komissiyasının növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Təftiş Komissiyası üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.

10.4. Təftiş Komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə sədr müavini aparır.

10.5. Təftiş Komissiyasının iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Təftiş Komissiyası tərəfindən müəyyən edilir.

10.6. Təftiş Komissiyası:

10.6.1. öz Reqlamentini qəbul edir;

10.6.2. bu Nizamnamənin, Partiya Proqramının tələblərinin, Partiya orqanlarının qərarlarının yerinə yetirilməsinə, həmçinin partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata keçirir;

10.6.3. Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;

10.6.4. nəzarətin və təftişin nəticələri barədə İdarə Heyətinə məruzə edir;

10.6.5. Qurultay qarşısında öz fəaliyyəti barədə hesabat verir;

10.6.6. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların qərarlarının qanunvericiliyə və bu Nizamnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır;

10.6.7. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

10.7. Təftiş Komissiyası ehtiyac olduğu halda öz fəaliyyətinə mütəxəssisləri cəlb etmək hüququna malikdir.

10.8. Təftiş Komissiyasının üzvləri Partiyada digər seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.

 

11. PARTİYANIN VETERANLAR ŞURASI

11.1. Veteranlar Şurası məşvərətçi qurumdur. Veteranlar Şurasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini Partiya Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Veteranlar Şurasının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

11.2. Veteranlar Şurasını üzvlərdən tərk edən olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Veteranlar Şurası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir.

11.3. Veteranlar Şurasının fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin bir müavini vardır.

11.4. İdarə Heyəti Veteranlar Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir.

11.5. Veteranlar Şurasının səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Veteranlar Şurası haqqında Əsasnamə ilə tənzimlənir.

11.6. Veteranlar Şurasının növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Veteranlar Şurasının üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.

11.7. Veteranlar Şurası qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

11.8. Veteranlar Şurası bu Nizamnamənin 11.7-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Təftiş Komissiyasının rəyi əsasında Qurultay həmin Şuranın yenidən təşkili məsələsinə baxır, İdarə Heyəti isə həmin tələblərə zidd olan Şuranın qərarlarını ləğv edir.

 

12. PARTİYANIN GƏNCLƏR BİRLİYİ

12.1. Gənclər Birliyi məşvərətçi qurumdur. Gənclər Birliyinin say tərkibi İdarə Heyəti tərəfindən müəyyənləşdirilir.  Gənclər Birliyinin üzvləri, sədri və sədr müavinləri Partiya Sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. Gənclər Birliyinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

12.2. Gənclər Birliyi Partiyanın Mərkəzi Aparatının rəhbərinə tabedir. İdarə Heyəti Gənclər Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir.

12.3. Gənclər Birliyinin fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin iki müavini vardır.

12.4. Gənclər Birliyinin səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Gənclər Birliyi haqqında Əsasnamə ilə tənzimlənir.

12.5. Gənclər Birliyinin növbədənkənar iclasları Partiya Sədrinin qərarı, İdarə Heyətinin və ya Gənclər Birliyinin üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir. 

12.6. Gənclər Birliyi qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

12.7. Gənclər Birliyi bu Nizamnamənin 12.6-cı bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin Birliyin yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan Birliyin qərarlarını ləğv edir. 

 

13. PARTİYANIN MƏRKƏZİ APARATI

13.1. Partiya Sədrinin bir müavini, eyni zamanda Mərkəzi Aparatın rəhbəridir.

13.2. Mərkəzi Aparat rəhbərinin iki müavini vardır.

13.3. Mərkəzi Aparatın əsasnaməsini İdarə Heyəti təsdiq edir.

13.4. Mərkəzi Aparatın strukturunu və işçilərinin əməkhaqlarını Partiyanın Sədri təsdiq edir.

13.5. Mərkəzi Aparatın rəhbəri və digər işçiləri əsas iş yeri üzrə Mərkəzi Aparatda çalışırlar və buna görə əməkhaqqı alırlar. 

13.6. Mərkəzi Aparatın rəhbəri Mərkəzi Aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir.

13.7. Mərkəzi Aparat rəhbərinin müavinləri İdarə Heyətinin iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər.

 

14. PARTİYANIN YERLİ TƏŞKİLATLARI

14.1. Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir.

14.2. Partiyanın yerli təşkilatının fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir. Sədrin bir müavini vardır.

14.3. İdarə Heyəti yerli təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Sədrin müavinini Partiyanın Mərkəzi Aparatının rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edir.

14.4. Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir. Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar.

14.5. Yerli təşkilatda qeydiyyatda olan Partiya üzvləri yerli təşkilatın Konfransında iştirak edir. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq Partiyanın Qurultayına nümayəndələr seçilir.

14.6. Yerli təşkilatın tərkibində ərazi partiya təşkilatları fəaliyyət göstərir. Ərazi partiya təşkilatı yerli təşkilatın sədrinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. Yerli təşkilatda ərazi partiya təşkilatlarının qeydiyyatı aparılır.

14.7. Ərazi partiya təşkilatının fəaliyyətinə həmin təşkilatın sədri rəhbərlik edir. Sədrin bir müavini vardır. Ərazi təşkilatının sədrini və sədr müavinini həmin təşkilatda fəaliyyət göstərən Partiya üzvləri seçir. Yerli təşkilatın sədri ərazi təşkilatı sədrinin və sədr müavininin fəaliyyətinə nəzarəti həyata keçirir. Yerli təşkilatın Konfransında ərazi təşkilatını onun sədri, üzrlü səbəbdən iştirak edə bilmədikdə isə onun müavini təmsil edir.

14.8. Yerli təşkilatın fəaliyyəti, sədrin və onun müavininin səlahiyyət müddəti, Aparatın təşkili, eləcə də yerli təşkilatda, o cümlədən Konfransda qərarların qəbulu ilə bağlı məsələlər yerli təşkilatlar haqqında Əsasnamə ilə tənzimlənir.

14.9. Yerli təşkilat qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.

14.10. Yerli təşkilat bu Nizamnamənin 14.9-cu bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin təşkilatın ləğvi və ya yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan yerli təşkilatın qərarlarını ləğv edir. 

14.11. Partiya ləğv olunduğu halda Partiyanın yerli təşkilatları da ləğv edilirlər.

14.12. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

 

15. PARTİYANIN ƏMLAK VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ

15.1. Partiyanın pul vəsaitlərinin və digər əmlakının formalaşdırılmasının mənbələri aşağıdakılardır:

15.1.1. üzvlük haqları;

15.1.2. ianələr;

15.1.3. əmlakdan gələn gəlir;

15.1.4. Partiya tərəfindən keçirilən tədbirlərdən gələn gəlirlər;

15.1.5. seçki kampaniyası üçün xərclərin maliyyələşdirilməsi məqsədilə daxil olan vəsait;

15.1.6. dövlət büdcəsindən ayrılan vəsait;

15.1.7. borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;

15.1.8. hüquq varisliyi yolu ilə əldə edilmiş əmlak;

15.1.9. qanunla qadağan olunmamış digər gəlirlər.

15.2. Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan qanunla icazə verilən istənilən əmlak ola bilər.

15.3. Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Proqramından irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.

 

16. PARTİYADA MÜHASİBAT UÇOTUNUN APARILMASI, HESABAT DÖVRÜ, MALİYYƏ HESABATLARININ TƏQDİM VƏ DƏRC EDİLMƏSİ

16.1. Partiya forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir. 

16.2. Partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirir.

16.3 Partiyada mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

 

17. PARTİYANIN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

17.1. Partiya qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada yenidən təşkil oluna bilər.

17.2. Partiya Qurultayda qəbul olunmuş qərar və ya qanunvericiliyə uyğun olaraq məhkəmənin qərarı ilə ləğv oluna bilər. Partiya ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı bu Nizamnamədə göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

17.3. Partiyanın əmlakı onun orqanları və ya onun üzvləri arasında bölüşdürülə bilməz.

17.4. Partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tənzimlənir.

 

18. DİGƏR MƏSƏLƏLƏR

18.1. Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər qanunvericiliyə uyğun olaraq tənzimlənir.

18.2. Bu Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bu Nizamnaməyə əlavə və dəyişikliklər Qurultayda qəbul edilir.

18.3. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.

 

______________