YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2013-cü ildə keçirilmiş prezident seçkilərində 84,54 faiz səslə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2013-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 7-ci rəsmi seçkilər olmuşdur. Seçkilər 9 oktyabr 2013-cü ildə keçirilmişdir. Ümumiyyətlə, bu seçkilərdə  10 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 72.31 % (3,232,259 vətəndaş) iştirak etmişdir. Azad, demokratik keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 84,54 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Seçkilərdəki qalibiyyət, heç şübhəsiz seçki kampaniyası dövründə təbliğat-təşviqat işinin uğurlu və məqsədyönlü aparılmasından asılıdır. Bu baxımdan, YAP-ın təşviqat kampaniyası əvvəlcədən hazırlanmış və təsdiqlənmiş qrafik əsasında mərhələlərlə həyata keçirilmişdir. Namizədin təşviqatını daha səmərəli qurmaq məqsədilə kampaniyaya YAP-ın bölgələrdən olan deputatları və paytaxtda yaşayan, lakin öz doğulduğu rayonda böyük nüfuzu olan ziyalılar, elm xadimləri, incəsənət adamları, idmançılar və sairədən ibarət təşviqat qrupları yaradılmış və regionlara ezam edilmişdir. Yerlərdə rayon (şəhər) təşkilatlarının həyata keçirdikləri təşviqat xarakterli mitinq, toplantı, yürüş və digər tədbirlərdən əlavə YAP ölkənin inzibati rayonlarının əksəriyyətini və yüz minlərlə seçicini əhatə edən 56 mitinq-konsert və zirvə görüşü təşkil etmişdir.

Ümumilikdə isə YAP-ın seçki kampaniyası zamanı  Azərbaycanın bütün bölgələrini əhatə edən 2 minə qədər görüş keçirilmişdir. Bu görüşlərdə 2 milyona yaxın seçici iştirak etmişdir.

Seçicilərlə fərdi işin təşkili günün tələbləri səviyyəsində qurulmuş, mobil qruplar yaradılmış və onların «qapıdan-qapıya» prinsipi ilə təşviqat aparması təşkil olunmuşdur. Onların fəaliyyətinin tənzimlənməsi, operativ və səmərəli olması məqsədilə yaddaş-kitabça və müşahidə vərəqələri çap edilərək paylanılmışdır. Yeni Azərbaycan Partiyasının namizədinin seçki proqramının KİV-də geniş təbliğ və təşviq olunması üçün işlər görülmüşdür. 

Beləliklə, 9 oktyabr 2013-cü il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqı növbəti beş il üçün həm özünün, həm də dövlətimizin taleyinə səs vermiş, yenidən ölkə başçısı cənab İlham Əliyevə etimad göstərmiş, ona inamını ifadə etmiş və güclü Azərbaycan naminə güclü Liderini seçmişdir. Demokratiyanın təntənəsi olan bu seçkilərdə Azərbaycan xalqı azad, şəffaf şəkildə öz iradəsini ortaya qoymuş, hər bir azərbaycanlının prezidenti olmağı bacaran İlham Əliyev bir daha sübut etmişdir ki, o, Ümummilli Lider Heydər Əliyevin siyasi varisidir, ən böyük azərbaycanlının ən böyük davamçısıdır.

Həm beynəlxalq ekspertlər, həm də xarici kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun, azad, demokratik və şəffaf keçirildiyini bəyan edərək, ölkəmizin insan hüquq və azadlıqları sahəsində əldə etdiyi nailiyyətləri növbəti dəfə etiraf etmişlər. Əlbəttə ki, bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin həyata keçirdiyi müasir Azərbaycanın inkişaf konsepsiyasının bir hissəsidir. Xalqımız hər zaman ümummilli liderin siyasi xəttinə sadiq olan Prezident İlham Əliyevə inandığını və onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişdir.