YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                                               İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
                                                                                                                                                                                                                               (Protokol №3, 10.09.2021-ci il)

 

Yeni Azərbaycan Partiyasının
yerli təşkilatları haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Yeni Azərbaycan Partiyasının yerli təşkilatları (bundan sonra – yerli təşkilat) Partiyanın strukturuna daxil olan və bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə Azərbaycan Respublikasının inzibati ərazi vahidlərində (rayon, şəhər, şəhər rayonu) fəaliyyət göstərən qurumlardır.

1.2. Yerli təşkilat Aparatdan və ərazi partiya təşkilatlarından ibarətdir.

1.3. Yerli təşkilat qanunvericilik, Yeni Azərbaycan Partiyasının (bundan sonra - YAP) Nizamnaməsi, orqanlarının qərarları və bu Əsasnamə əsasında fəaliyyət göstərir.

1.4. Yerli təşkilat öz fəaliyyətini qanunçuluq və şəffaflıq prinsipləri əsasında qurur.

1.5. Yerli təşkilat öz fəaliyyətini YAP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.

1.6. Yerli təşkilatın üzərində adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları vardır.

1.7. Yerli təşkilatın saxlanması xərcləri və fəaliyyəti YAP-ın Nizamnaməsində nəzərdə tutulmuş mənbələr hesabına maliyyələşdirilir. 

1.8. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

 

2. Yerli təşkilatın fəaliyyət istiqamətləri

Yerli təşkilat müvafiq inzibati ərazi vahidində YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsini təmin edir, habelə YAP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirir.

 

3. Yerli təşkilatın vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, yerli təşkilat müvafiq inzibati ərazi vahidində aşağıdakı vəzifələri yerinə yetirir:  

3.0.1. YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsində iştirak etmək, bu sahədə vəziyyəti öyrənmək, mövcud olan problemlərin həlli istiqamətində tədbirlər görmək və YAP-ın Mərkəzi Aparatına (bundan sonra – Mərkəzi Aparat) təkliflər vermək;

3.0.2. YAP orqanlarının (qurumlarının) verdiyi tapşırıq və tövsiyələri icra etmək; 

3.0.3. yerli təşkilatın fəaliyyətinə dair YAP-ın rəhbər orqanlarının qərarlarının layihələrinə təkliflər vermək, qərarların hazırlanmasında iştirak etmək;

3.0.4. YAP-ın fəaliyyəti, o cümlədən Proqramı barədə aidiyyəti ərazidə öz üzvlərinə və əhaliyə məlumatlar və izahatlar vermək, müvafiq təbliğat və təşviqat işində iştirak etmək;

3.0.5. Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqini həyata keçirmək;

3.0.6. azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən digər yüksək milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən məsələlərdə maariflərndirmə işləri aparmaq, üzvlərin siyasi fəallığını daim artırmaq;

3.0.7. qanunvericiliyə əsasən və Mərkəzi Aparatın müəyyən etdiyi qaydada seçki və referendumlara hazırlıq və onların keçirilməsi ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində təşkilati və təbliğat işlərini həyata keçirmək;

3.0.8. “Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzi Aparatın razılığı ilə müvafiq ərazidə yığıncaqlar, mitinqlər, nümayişlər, yürüşlər, piketlər və toplantılar təşkil etmək;

3.0.9. “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük fəaliyyətinin təşkilinə dəstək vermək və bu fəaliyyətə gənclərin daha çox cəlb olunmasına şərait yaratmaq;

3.0.10. üzvlük haqlarının İdarə Heyətinin müəyyən etdiyi məbləğdə və qaydada toplanmasını təmin etmək;

3.0.11. kütləvi informasiya vasitələrində yerli təşkilatın fəaliyyətinin işıqlandırılmasını təmin etmək, ictimai-siyasi maraq doğuran aktual məsələlərlə əlaqədar yazılar, müsahibələr, təhlillər və materiallarla çıxış etmək;

3.0.12. daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.13. dövlət sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.0.14. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.0.15. Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Yerli təşkilatın hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün yerli təşkilatın aşağıdakı hüquqları vardır:

4.0.1. YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

4.0.2. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq;

4.0.3. yerli təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;

4.0.4. siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa dair təkliflər hazırlamaq;

4.0.5. hər hansı məsələnin araşdırılması və ya həlli üçün YAP-ın üzvlərini, müstəqil ekspert və mütəxəssisləri cəlb etmək, işçi qruplar yaratmaq;

4.0.6. xüsusi xidmətləri olan YAP üzvlərinin və digər şəxslərin həvəsləndirilməsi üçün tədbirlər görmək, onların təltif və mükafatlandırılması üçün təqdimat vermək;

4.0.7. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək, bu cür tədbirlərdə iştirak etmək;

4.0.8. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ianələr və digər gəlirlər əldə etmək;

4.0.9. Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Yerli təşkilatın fəaliyyətinin təşkili

5.1. Yerli təşkilat İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. YAP ləğv olunduğu halda Partiyanın yerli təşkilatları da ləğv edilir.

5.2. Yerli təşkilatın fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir.

5.3. Yerli təşkilatın sədri İdarə Heyətinin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Yerli təşkilatın sədri qanunvericiliyin, YAP Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər. Yerli təşkilat sədrinin vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda o, yerli təşkilatın sədri vəzifəsindən azad edilmiş hesab olunur. Yerli təşkilat sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Mərkəzi Aparat rəhbərinin əmri ilə rəsmiləşdirilir.

5.4. Yerli təşkilat sədrinin bir müavini vardır. Sədrin müavinini Mərkəzi Aparatın rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edir. Sədr müavini qanunvericiliyin, YAP Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər.

5.5. Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı (bundan sonra – Aparat) vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir.  

5.6. Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar.

5.7. Aparat işçilərinin vəzifələrə görə əməkhaqlarını YAP-ın Sədri təsdiq edir.

5.8. Aparatın işçilərinin say həddini, ştat cədvəlini və xərclər smetasını Mərkəzi Aparatın rəhbəri təsdiq edir.

5.9. Yerli təşkilatın sədri:

5.9.1. yerli təşkilatın cari fəaliyyətini təşkil edir, Aparatını formalaşdırır və ona rəhbərlik edir;

5.9.2. yerli təşkilatı dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, habelə yerli, xarici və beynəlxalq təşkilatlarda təmsil edir;

5.9.3. yerli təşkilatın fəaliyyətini Mərkəzi Aparatla əlaqələndirir, cari və operativ məsələlər barədə Mərkəzi Aparatı məlumatlandırır;

5.9.4. Mərkəzi Aparata yerli təşkilatın fəaliyyəti barədə illik hesabatı və qarşıdakı il üçün fəaliyyət proqramını təqdim edir;

5.9.5. Aparatın işçilərinin say həddi, ştat cədvəli və xərclər smetası barədə təklifləri Mərkəzi Aparata təqdim edir;

5.9.6. maliyyə-təsərrüfat fəaliyyəti barədə YAP-ın Təftiş Komissiyasına rüblük hesabat təqdim edir;

5.9.7. Aparatın işçilərini Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.9.8. yerli təşkilatda qeydiyyatda olan YAP üzvlərinə münasibətdə YAP-ın Nizamnaməsi ilə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərinin tətbiqi barədə Mərkəzi Aparata təqdimat verir;

5.9.9. ərazi partiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğvi haqqında qərar qəbul edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;

5.9.10. ərazi partiya təşkilatlarının qanunvericiliyə, YAP-ın Nizamnaməsinə, orqanlarının qərarlarına və bu Əsasnaməyə zidd olan  qərarlarını ləğv edir, bu tələblərə zidd fəaliyyət göstərmiş ərazi partiya təşkilatların sədrlərinin və müavinlərinin səlahiyyətlərinə xitam verilməsi üçün tədbir görür;

5.9.11. YAP orqanlarının (qurumlarının) tapşırıqlarının və tövsiyələrinin icrasını təşkil edir, bununla əlaqədar Aparata və ərazi partiya təşkilatlarına müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və onlardan zəruri məlumatları alır;

5.9.12. yerli təşkilatın fəaliyyəti ilə bağlı əmrlər verir, onların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;

5.9.13. yerli təşkilatın xərclər smetasına uyğun olaraq ayrılan vəsaitin istifadəsinə sərəncam verir, səlahiyyətləri daxilində müvafiq sənədləri imzalayır;

5.9.14. yerli təşkilatın sərəncamında olan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

5.9.15. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Aparat işçilərinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;

5.9.16. Mərkəzi Aparatla razılaşdırmaqla qanuna zidd olmayan əqdlər bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir və həyata keçirir;

5.9.17. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat təqdim edir;

5.9.18. qanunvericiliyə əsasən və Mərkəzi Aparatın müəyyən etdiyi qaydada seçkilər və referendum zamanı seçki dairələri və məntəqələrinə YAP-dan əsas və məşvərətçi səs hüquqlu nümayəndələri, müşahidəçiləri, həmçinin İdarə Heyətinin razılığı ilə yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı namizədləri irəli sürür;

5.9.19. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli təşkilatda dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;

5.9.20. icrası yerli təşkilatın səlahiyyətlərinə aid edilən məsələlərin öyrənilməsi və həlli üçün işçi qruplar yaradır; 

5.9.21. yerli təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

5.9.22. bu Əsasnamə ilə və Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. 

5.10. Yerli təşkilatın sədri YAP-ın Nizamnaməsi və bu Əsasnamə ilə yerli təşkilata həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.11. Yerli təşkilatın sədri öz səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini müavini icra edir. 

5.12. Aparat:

5.12.1. yerli təşkilatın informasiya təminatını təşkil edir; 

5.12.2. ictimai-siyasi həyatın bütün sahələrinə dair təhlillər aparır, analitik materiallar, təkliflər, tövsiyələr, rəylər, arayışlar hazırlayır, bu materialları Mərkəzi Aparata, həmçinin Mərkəzi Aparatın razılığı olduğu halda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına təqdim edir;

5.12.3. yerli təşkilat sədrinin əmrlərinin layihələrini hazırlayır və imzalanmaq üçün təqdim edir; 

5.12.4. yerli təşkilat sədrini zəruri analitik-informasiya materialları ilə təmin edir, onların çıxışlarının və məruzələrinin mətnlərini hazırlayır;

5.12.5. yerli təşkilat sədrinin sədrlik etdiyi iclasların, habelə onun rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin edir, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlayır;

5.12.6. şəxslərin YAP-ın üzvlüyünə qəbul olunması və üzvlüyündən çıxarılması ilə bağlı YAP-ın Nizamnaməsinə uyğun olaraq tədbirlər görür, YAP üzvlərinin qeydiyyatını aparır, habelə qeydiyyat məlumatları dəyişdiyi zaman zəruri dəyişiklikləri həyata keçirir və bu barədə Mərkəzi Aparatı operativ şəkildə məlumatlandırır;

5.12.7. yerli təşkilatın konfranslarını təşkil edir;

5.12.8. Mərkəzi Aparatın tapşırığı ilə yerli təşkilatın nümayəndələrinin YAP orqanlarının (qurumlarının) iclaslarında iştirakını təmin edir;  

5.12.9. yerli təşkilat tərəfindən keçirilən tədbirlərdə səlahiyyətli orqanların nümayəndələrinin iştirakı üçün şərait yaradır; 

5.12.10. yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, ictimai təşkilatların keçirdiyi tədbirlərdə yerli təşkilatın nümayəndələrinin iştirakını təmin edir;  

5.12.11. ərazi partiya təşkilatlarının işini əlaqələndirir, birgə tədbirlər, layihələr keçirir, təcrübə mübadiləsi aparır;

5.12.12. ərazi partiya təşkilatlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirərək Mərkəzi Aparata təqdim etmək üçün ümumiləşdirir;

5.12.13. YAP orqanlarının (qurumlarının) verdiyi tapşırıq və tövsiyələrin ərazi partiya təşkilatları tərəfindən yerinə yetirməsinə nəzarət edir, tapşırıqların icrası ilə bağlı yaranan problemləri öyrənir və onların həlli istiqamətində tədbirlər görür; 

5.12.14. yerli təşkilatın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

5.12.15. məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir;

5.12.16. YAP-ın orqanlarına (qurumlarına), dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu verir və onlardan belə məlumatları (sənədləri) alır;

5.12.17. yerli təşkilatın sədri tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. 

5.13. Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatın üzvlərinin daha yaxın inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlarda qeydiyyatı məsələsi YAP-ın İdarə Heyətinin qəbul etdiyi qərar əsasında həll edilir.

 

6. Yerli təşkilatın fəaliyyətinə nəzarət

6.1. Yerli təşkilatın fəaliyyətinə nəzarəti YAP-ın İdarə Heyəti həyata keçirir.

6.2. Yerli təşkilat bu Əsasnamənin 1.3-cü bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin təşkilatın ləğvi və ya yenidən təşkili məsələsinə baxır, həmçinin yerli təşkilatın həmin tələblərə zidd olan qərarlarını ləğv edir. 

6.3. YAP-ın Təftiş Komissiyası yerli təşkilatın qərarlarının qanunvericiliyə və bu Əsasnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır.

6.4. YAP-ın üzvü yerli təşkilatın hərəkət və ya hərəkətsizliyindən YAP-ın Təftiş Komissiyasına şikayət vermək hüququna malikdir.

 

7. Yerli təşkilatın Konfransı

7.1. Yerli təşkilatın Konfransı qurultayqabağı və beş ildə bir dəfədən az olmayaraq çağırılır.

7.2. Yerli təşkilatın növbədənkənar Konfransı YAP-ın İdarə Heyətinin qərarı və ya yerli təşkilatda qeydiyyatda olan YAP üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır.

7.3. Yerli təşkilatın Konfransında ərazi partiya təşkilatını onun sədri, üzürlü səbəbdən iştirak edə bilmədikdə isə onun müavini təmsil edir.

7.4. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və YAP-ın İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq YAP-ın Qurultayına nümayəndələr seçilir.

7.5. Konfrans nümayəndələrinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar Konfransda iştirak edən iştirakçıların sadə səs çoxluğu ilə qəbul olunur.

7.6. Konfransın qəbul etdiyi qərarlar və qərarlara əlavə edilmiş materiallar, audio və video yazılar rəsmi olaraq Mərkəzi Aparata göndərilir.

7.7. Konfransın qərarları yerli təşkilatın fəaliyyətinə qiymət verilərkən Mərkəzi Aparat tərəfindən nəzərə alınır.

 

8. Yerli təşkilatın ərazi partiya təşkilatı

8.1. Ərazi partiya təşkilatı yerli təşkilatın sədrinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur.

8.2. Ərazi partiya təşkilatının fəaliyyətinə həmin təşkilatın sədri rəhbərlik edir. Sədrin bir müavini vardır. Ərazi partiya təşkilatının sədrini və sədr müavinini həmin təşkilatda uçotda olan YAP üzvləri seçir.

8.3. Ərazi partiya təşkilatı sədrinin və onun müavininin fəaliyyətinə nəzarəti yerli təşkilatın sədri həyata keçirir.   

8.4. Ərazi partiya təşkilatının sədri:

8.4.1. YAP orqanlarının (qurumlarının) və yerli təşkilat sədrinin tapşırıq və tövsiyələrinin icrasını təmin edir;

8.4.2. hər ilin sonunda ərazi partiya təşkilatının fəaliyyəti ilə bağlı hesabatı və növbəti il üçün tədbirlər planını təsdiq edərək Aparata təqdim edir;

8.4.3. həmin təşkilatda olan YAP üzvlərinin uçotunu aparır və rübdə bir dəfə bu barədə Aparata hesabat verir;

8.4.4. həmin təşkilatda uçotda olan YAP üzvlərinin üzvlük haqlarının toplanmasını və yerli təşkilatın müvafiq bank hesabına köçürülməsini təmin edir;

8.4.5. fəaliyyəti ilə bağlı təklifləri və zəruri məlumatları hazırlayaraq Aparata təqdim edir; 

8.4.6. yerli təşkilatın sədri tərəfindən müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərir.

8.5. Ərazi partiya təşkilatında keçirilən iclas həmin təşkilatda uçotda olan YAP üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən YAP üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.