YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 72 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır.

2010-cu il ölkəmizdə və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qalmışdır. Lakin ilin ən önəmli siyasi hadisəsi  noyabrın 7-də keçirilən IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər olmuşdur. Bütün seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP seçkilərdə 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürmüşdür. Bu seçkiləri izləmək üçün 50 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Mərkəzi Seçki Komissiyasında uzun və qısamüddətli müşahidə məqsədilə 19 beynəlxalq qurumu təmsil edən mindən artıq xarici müşahidəçi akkreditə olunmuşdur ki, bunlara da AŞPA, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB, GUAM, eyni zamanda ABŞ, Böyük Britaniya, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Belçika səfirlikləri, eləcə də Avropa Seçki Müşahidə Akademiyası daxil idi.

Beləliklə, bütün siyasi partiya və seçki blokları üçün yaradılmış demokratik, plüralist və bərabər şərtlərdən yararlanaraq Yeni Azərbaycan Partiyası "güclü dövlət, yüksək rifah" şüarı altında bütün ölkə ərazisində Milli Məclisin deputatları və respublikanın elmi ictimaiyyətinin nümayəndələri, aparıcı QHT təmsilçiləri ilə birgə fəal təşviqat kampaniyası həyata keçirməyə başlamışdır. Kampaniya çərçivəsində ölkənin bütün regionlarında vətəndaşlarla yüzlərlə görüş keçirilmişdir. Təşviqat kampaniyası zamanı, qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək, davamlı sosial-iqtisadi inkişafa nail olmuş, respublikamızın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Bütün ölkə ərazisini və milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyasından sonra bir daha aydın olmuşdur ki, xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının Milli Məclisə irəli sürdüyü namizədləri dəstəkləyəcək və seçki məntəqələrinə gələrək ölkəmizin davamlı inkişafına səs verəcəkdir. Seçki günü ölkə üzrə seçici siyahılarına daxil edilmiş 4 milyon 928 min 594 nəfər vətəndaşdan 2 milyon 442 min 365 nəfər seçkilərdə iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 72 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etmişdir. Partiya uğurlu qələbəsi ilə seçkilərdə müəyyən etdiyi strateji məqsədini reallaşdırmış, keçən seçkilərdə əldə edilən göstəricini daha da yüksəltmişdir. Həmçinin 4-cü çağırış Milli Məclisə seçkilər qadın millət vəkillərinin sayının artımı ilə yadda qaldı. Belə ki, ötən seçkilərdə 14 nəfər qadın deputat seçilmişdirsə, budəfəki seçki nəticəsində parlamentə 20 qadın seçilə bilmişdir. Bu da YAP-ın seçkidə əsas məqsədlərindən biri idi.

Beləliklə, hakim partiya 4-cü çağırış parlament seçkilərində də üstünlüyünü nümayiş etdirmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının qələbəsi gözlənilən idi. İlk növbədə bu, təbii ki, partiyanın sədri olan dövlət başçısının elektoratının seçkilərə münasibəti idi. Xalq bu kursu dəstəklədiyini isə bir daha sübut etmişdir.