YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2014-cü ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq və inamlı qələbəsini qazandı

2014-cü il ölkəmizdə və Yeni Azərbaycan Partiyasının həyatında növbəti mühüm hadisələrlə yadda qalmışdır. Ən önəmli siyasi hadisə isə dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri olmuşdur. Bütün seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü və effektiv seçki kampaniyası aparan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirərək növbəti dəfə inamlı və parlaq qələbəsini qazanmışdır. YAP işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsinin 5015 seçki məntəqəsində 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvü yerinə namizəd irəli sürmüşdür.

“Rifah və quruculuq naminə” devizi ilə seçkilərə qatılan YAP bələdiyyə seçkiləri  kampaniyasının bütün mərhələlərini uğurla başa vurub, imzatoplama prosesini yüksək fəallıqla  həyata keçirmişdir. Seçki qərargahının və partiyanın yerli strukturlarının səmərəli fəaliyyəti nəticəsində partiya tərəfindən irəli sürülən təxminən 15 min nəfər partiya üzvü dairə seçki komissiyaları tərəfindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydiyyata alınmışdır.

YAP fəal təşviqat kampaniyası həyata keçirmiş, kampaniya çərçivəsində ölkənin bütün regionlarında vətəndaşlarla yüzlərlə görüş keçirilmişdir. Təşviqat kampaniyası zamanı qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla uğurla gedərək, dinamik sosial-iqtisadi inkişafa nail olmuş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdir. Milyonlarla seçicini əhatə edən uğurlu təşviqat kampaniyasından sonra bir daha aydın olmuşdur ki, xalqımız cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədləri dəstəkləyəcək, inkişafın uğurlu davamına  səs verəcəkdir.

Beləliklə, seçkilərdə Yeni Azərbaycan Partiyası 15 035 bələdiyyə üzvü yerlərindən 10 315 yeri (68,6%) qazanaraq xalqa ən yaxın, nüfuzlu və mütəşəkkil qüvvə olduğunu bir daha nümayiş etdirdi. YAP tərəfindən bələdiyyə üzvlərinin 4268 nəfərini (41,3%) gənclər, 3673 nəfərini isə (35,6%) qadınlar təşkil etmişdir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, bu seçkilərdə  37077 nəfərin namizədliyi qeydə alınmışdır. Seçkiləri izləmək üçün 50 mindən artıq yerli və beynəlxalq müşahidəçi MSK-də akkreditasiya olunmuşdur. MSK-nın verdiyi digər məlumata əsasən, seçkilərdə seçici fəallığı 38,92% təşkil etmişdir.