1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 59 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır.
Bildiyimiz kimi ölkəmizdə müstəqillik tarixində ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də I çağırış Azərbaycan Respublikasının Milli Məclisinə mojaritar və proporsional qaydada seçkilər keçirilmişdir. Seçkilərin keçirilməsi üçün həmin ilin iyun ayının 13-də Azərbaycan Respublikasının Milli Məclisi qərar qəbul etmiş, iyunun 14-də isə "Azərbaycan Respublikasının ali qanunvericilik orqanına seçkilərin keçirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalanmışdır. Keçirilən seçkilərdə ölkə üzrə seçici siyahılarına daxil edilmiş 4 milyon 132 min 600 nəfər vətəndaşdan 3 milyon 556 min 277 nəfər iştirak etmişdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə ümumən 124 deputat seçilmişdir ki, bunlardan da 99-u birmandatlı seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə çoxmandatlı seçki dairəsindən olmuşdur. Yeni Azərbaycan Partiyası bu seçkilərdə daha fəal iştirak edərək, əldə etmiş olduğu tarixi qələbəsi ilə ölkə əhalisinin partiyaya olan inamını sübuta yetirmişdir. Yerli və xarici müşahidəçilərin iştirakı ilə demokratik qaydada keçirilmiş seçkilərdə Milli Məclisə seçilən deputatların 59 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmişdir.