2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Milli Məclisdə 79 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır.
Seçki institutunun bərqərar olması hər bir dövlətin demokratik inkişaf yolu ilə getməsinin ən mühüm göstəricisi, parlament seçkiləri isə siyasi həyatın böyük maraq doğuran hadisələrindəndir. Demokratik ölkələrdə seçkilərin nəticələri ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin nüfuz və reytinqinin göstəricisi kimi qəbul edilir. Eyni zamanda, siyasi qüvvələr də bu nəticələr əsasında özlərinin fəaliyyət strategiyalarının yenidən təşkili üçün təcrübə və fürsət əldə edirlər. 2000-ci ilin noyabrın 5-də ölkəmizdə keçirilən II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri də siyasi qüvvələrin nüfuz və reytinqinin növbəti göstəricisi olmuşdur. Yeni Azərbaycan Partiyası da bu seçkilərə öncədən öz uğurlu faəliyyəti ilə kifayət qədər ciddi hazırlaşmaqla yüksək fəallıq nümayiş etdirmişdir. Çünki Yeni Azərbaycan Partiyası ötən parlament seçkilərindən keçən 5 il ərzində cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilmişdir. Azərbaycan xalqının partiyaya olan münasibəti, inamı isə bir daha seçkilərin nəticələrində özünü göstərmişdir. Xatırladaq ki, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Yerli və xarici müşahidəçilərin iştirakı ilə beynəlxalq standarlara uyğun keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası 124 deputat yerindən 79-nu əldə etmiş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır. Ümumiyyətlə, keçirilmiş seçkilərin nəticəsi cəmiyyətimizdə Yeni Azərbaycan Partiyasının nüfuz və reytinqinin əsas göstəricisi olmaqla yanaşı, gələcəkdə bu partiyanın ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafında, xalqımızın maraqlarını tam şəkildə təmin edilməsində ən əsas qüvvə olduğunu nümayiş etdirmişdir.