26 sentyabr 2016-cı il - Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər (Referendum)
Yeni Azərbaycan Partiyası Azərbaycanda demokratikləşmə strategiyasının əsas aparıcı qüvvəsi olmaqla, hüquqi, demokratik, vətəndaş cəmiyyəti quruculuğu prosesinə hər zaman öz müsbət töhfəsini verməkdədir.
Azərbaycan demokratik inkişaf xəttinə sədaqətini hər zaman nümayiş etdirmiş, daim təkmilləşməyə ehtiyac duyan vətəndaş cəmiyyətinin bəşəri dəyərlərlə inkişafı prinsiplərini əldə rəhbər tutmuşdur. Bu istiqamətdə həyata keçirilən davamlı islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, icra mexanizmlərinin dövrün tələblərinə uyğun yenilənməsi və tənzimlənməsi, daha çevik idarəetmə mexanizminin formalaşması, çoxpartiyalı sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi demokratiyanın dinamik inkişafını təsdiq edən təkzibedilməz şərtlərdir. Müstəqil Azərbaycan inkişaf və gələcəyə baxış siyasətini bu möhkəm təməl üzərində qurmuşdur. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dövlət siyasətinin prioritet məsələsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Ana Qanununa - Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi (referendum) də ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü 26 sentyabr 2016-ci il tarixdə keçirilən ümumxalq səsverməsində (referendumda) yüksək qiymətləndirilmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir. Referendumun yüksək seçici fəallığı şəraitində keçməsi təklif olunan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etməsinin bariz nümunəsi olmaqla yanaşı, ölkədə həyata keçirilən möhtəşəm islahatlara ümumxalq inamını və dəstəyini bir daha nümayiş etdirmişdir.
Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.
"Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyası dövründə Azərbaycanın bütün bölgələrini əhatə etməklə hər bir yaşayış məntəqəsində - şəhər, rayon, qəsəbə və kənddə seçicilərlə görüşlər keçirmişdir. Xüsusi vətəndaş fəallığı və kütləviliyi ilə müşayiət olunan görüşlərin əsas məqsədi referenduma çıxarılan məsələlərin mahiyyətini seçicilərə çatdırmaq və onları maarifləndirmək olmuşdur. "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən keçirilmiş görüşlərdə ölkə vətəndaşlarına referenduma çıxarılan məsələlərin mahiyyəti və məzmunu tam çatdırılmışdır. Görüşlər seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq yerli icra strukturları tərəfindən ayrılmış ünvanlarda, açıq debatlar, diskussiyalar, müzakirələr şəraitində keçirilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının ötən illər ərzində qazandığı seçki və seçicilərlə ünsiyyət təcrübəsi təşviqat kampaniyasını daha səmərəli şəkildə aparmağa, seçki resurslarından düzgün istifadə etməyə imkan vermişdir.
Beləliklə, ölkəmizin ictimai-siyasi həyatında xüsusilə mühüm rol oynayan növbəti mühüm bir siyasi kampaniya beynəlxalq starndartlara və demokratik seçki qanunvericiliyinə uyğun şəkildə uğurla başa çatmışdır. Azərbaycan vətəndaşları beynəlxalq müşahidə missiyalarının da yüksək qiymətləndirdiyi referendumda tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoymuşdur.
26 sentyabr 2016-cı il ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.