Seçki xəbərləri
Gəncliyin seçimi Yeni Azərbaycan Partiyasıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu, Cəlilabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin gənclər və ilk dəfə səs verəcək seçicilərlə görüşləri keçirilib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ölkəmizdə bələdiyyələrin yaranma tarixi barədə məlumat verib. M.Mirxaslı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bütün hədəflərin gerçəkləşməsini mümkün edir.
Bələdiyyə üzvlüyünə gənc namizədlər Şəmsi Hüseynov, Ceyhunə Ağaverdiyeva və Seyidhüseyn Eynullayev gənclərin ictimai-siyasi proseslərdə rolu barədə fikirlər söyləyiblər. Qeyd olunub ki, bu gün gənc nəslin zəngin milli-mənəvi dəyərlər əsasında - yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir.