Seçki xəbərləri
Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naftalan şəhəri, Naftalan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov bələdiyyə seçkilərinin əhəmiyyətindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. Təşkilat sədri bildirib ki, ölkəmizdə aparılan islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişaf təmin edilib.
Seçki qərargahının üzvləri Zülfümar Nuriyeva və Yavər Aslanov Yeni Azərbaycan Partiyasının seçki proqramı və qarşıda duran hədəflər barədə geniş məlumat veriblər. Natiqlər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına inamlarını ifadə ediblər.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.