Seçki xəbərləri
Yeni hədəflərin gerçəkləşdirilməsi növbəti uğurlara yol açacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, bu gün qüdrətli Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir. “Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. Azərbaycan Prezidenti məqsədyönlü siyasəti ilə ölkənin iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini təmin edir. Hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın yüksəlişinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir”, - deyən E.Abasov əlavə edib ki, ölkəmizə tarixi uğurlar qazandıran, xalqın inam və etimadını doğruldan, yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyası da milli hədəflərin gerçəkləşdirilməsinə dəyərli töhfələrini verir.
Seçki qərargahının üzvləri Fəranə Gözəlova, təşviqat qrupunun üzvü Arzu Cahangirova, bələdiyyə üzvlüyünə namizədlər Əli Kərimov, Möhübət Məhərrəmov YAP-ın qələbələr partiyası olduğunu və növbəti bələdiyyə seçkilərinin də xalqın Zəfər partiyasına sarsılmaz inamını əks etdirəcəyini vurğulayıblar. “Xalqın dəstəyi ilə yeni hədəflərin gerçəkləşdirilməsi növbəti uğurlara yol açacaq”, - deyə vurğulanıb.