Seçki xəbərləri
YAP hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonu, Siyəzən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev bildirib ki, yanvar ayının 29-da keçiriləcək bələdiyyə seçkiləri mühüm əhəmiyyət kəsb edir. O, bu prosesdə də Yeni Azərbaycan Partiyasının qalib gələcəyini əminliklə vurğulayıb. S.Baxşiyev bu qənaətini Yeni Azərbaycan Partiyasının indiyədək əldə etdiyi uğurlarla əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramının ana xəttini təşkil edir.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Müşfiq Məmmədli ölkəmizdə son illər bələdiyyələrə göstərilən dövlət dəstəyindən və onların fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlardan danışıb. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi milli siyasət hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva etməklə yanaşı, ölkənin uğurlu gələcəyi ilə bağlı nikbin qənaətləri daha da gücləndirir. Ölkəmizin vətəndaşları əmindirlər ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da sürətlə inkişaf edəcək.
Tədbirdə çıxış edən Siyəzən bələdiyyəsi üzvülüyünə namizədlər Turab Əsgərov və Nicat Səmədov YAP-ın seçki proqramında əksini tapan bir sıra məsələlərə diqqət yönəldiblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.