Seçki xəbərləri
Şərəfli yol uğurlarla zəngindir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Məhəlli görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Yeni Azərbaycan Partiyası 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində əldə etdiyi inamlı qələbələrlə siyasi gücünü göstərib. Təşkilat sədri qeyd edib ki, YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda qələbə əzmi ilə qatılıb.
Bələdiyyə üzvlüyünə namizədlər Akif Saqiyev, Sərraf Əzimov, İradə Atayeva, Kürdoğlu Muradov, Samirə Abışova, Aytac Əliyeva, İlham Cəfərov və Emin Azadov çıxışlarında vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası gələcəkdə də xalqa şərəf və ləyaqətlə xidmət etməyə davam edəcək. Qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.