Seçki xəbərləri
YAP-ın uğurlu siyasi fəaliyyəti
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Qaraməmmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Pərviz Bayramov, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizəd Fəridə Əliyeva Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələrinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini deyiblər. Onlar seçiciləri Azərbaycanın gələcək inkişafı naminə YAP-ın namizədlərinə dəstək olmağa səsləyiblər.