YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnkişafın Azərbaycan modeli

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu,  Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP indiyədək iştirak etdiyi bütün seçkilərdə fəallıq nümayiş etdirib, xalqımızın etimadını qazanaraq parlaq qələbələrə imza atıb.

“Partiyamız qarşıdan gələn bələdiyyə seçkilərinə tam hazırdır”, - deyə R.Mirzəyev vurğulayıb.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, növbəti dövrdə qarşıya qoyulan yeni hədəflər, qanunvericilikdə edilən dəyişikliklər və bələdiyyələrin səlahiyyətlərinin artırılması yerli idarəetmənin daha effektiv təşkilinə və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edəcək. Vurğulanıb ki, bu dəyişikliklər bələdiyyələrin maliyyə müstəqilliyini gücləndirərək onların sosial və iqtisadi layihələrdə daha fəal iştirakını təmin edəcək.

Görüşdə çıxış edən şəhid atası Meyvəddin Ramaldanov, Xətai Rayon Ağsaqqallar Şurasının üzvü Nizami Hüseynov, 13 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tofiq Salmanov qeyd ediblər ki, bələdiyyələr əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər. Bildirilib ki, bu fəaliyyətlər yerli özünüidarəetmə orqanlarının cəmiyyətlə daha sıx əlaqə qurmasına və vətəndaşların etimadını qazanmasına şərait yaradıb.

Seçicilərdən Vəsilə Məmmədova, Həsən Əliyev, Möhübbət Həsənov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.