Seçki xəbərləri
Hədəfimiz növbəti qələbədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Ucar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin gənclər və ilk dəfə səs verəcək seçicilər ilə görüşü keçirilib.
Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, bu gün müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri vətənpərvər, mərd, igid, savadlı, dünyagörüşlü gənclər ordusunun yetişməsidir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” deyən, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğını hər zaman önə çəkib.
Sevindirici haldır ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunurlar”, - deyə Şəhla Abdullayeva vurğulayıb.
Təbliğat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rəna Cəfərova, Yusif Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Bəsirə Abbasova, Rabil Mehtiyev, Əkbər Məhərrəmov, seçicilər Orxan Xəlilzadə, Kənan Həsənov bildiriblər ki, partiyamız yarandığı gündən etibarən daim sıralarında sağlam əqidəli, vətənpərvər, Azərbaycanın parlaq gələcəyi naminə bilik və bacarıqlarını əsirgəməyəcək gəncləri birləşdirib.
Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.