Seçki xəbərləri
Xalqın dəstəyi və etimadı əsasında...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Göyçay bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: “Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf proseslərində yaxından iştirak edib, müstəqil Azərbaycanın tərəqqisinə öz töhfələrini verib”.
Bələdiyyə üzvlüyünə namizədlər Vasif Musayev, Firəngiz Məmmədyarova, Murtuz Salahov, partiya veteranı Eldəniz Məmmədov çıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.