Seçki xəbərləri
Xalq YAP-a inanır və etibar edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Aşağı Ağcakənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilər ilə görüşləri keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiyanın seçki proqramı barədə ətraflı məlumat verib. Samir Qocayev qeyd edib ki, bələdiyyələrin sosial məsuliyyəti, hesabatlılıq və şəffaflığın artırılması qarşıda duran başlıca hədəflərdəndir.
Təşviqat qrupunun üzvləri Səyad Quliyev və İsgəndər Səklikov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında güclü dövlətə çevrildiyini qeyd edib. O, yeni hədəflərə çatmaq üçün seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.
Bələdiyyə üzvlüyünə namizəd Aynurə Zeynalova bildirib ki, təmsil etdiyi Yeni Azərbaycan Partiyası hər zaman xalqın iradəsinə uyğun hərəkət edib və dövlətçilik maraqlarından çıxış edib: “Bu baxımdan Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və etibar edir”.
Çıxış edən seçicilər Zahid Məsimov və digərləri YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və təşviqat qrupunun üzvləri Qaraçinar kəndində seçicilərlə fərdi görüşlər də keçiriblər.