Seçki xəbərləri
Sumqayıt seçiciləri YAP-ın namizədlərini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi əsas hədəflərdən biridir. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Seçki qərargahının üzvləri Sovet Şükürov, Hümbət Quliyev, Ehtiram Məmmədov, Vaqif Qəhrəmanov, Təbrik Quliyev və bələdiyyə üzvlüyünə namizəd Akif Kərimov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP tərəfindən irəli sürülən namizədlərə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Sumqayıt, Corat və Zeynalabdin bələdiyyələri üzrə YAP-ın namizədləri seçicilərlə məhəlli görüşlər keçiriblər.