Seçki xəbərləri
“Yeni hədəflərə nail olmaq üçün seçimimiz bir daha YAP olacaq”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Xırdalan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını vurğulayıb. A.Əliyev qeyd edib ki, heç şübhəsiz, bugünədək ardıcıl qələbələr qazanan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də irəli sürdüyü namizədlər xalqımız tərəfindən dəstəklənəcək. O, həmçinin bildirib ki, Azərbaycanda sosial islahatlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar nəticəsində hər il mühüm irəliləyişlər əldə olunur. Yeni hədəflərə nail olmaq üçün seçimimiz bir daha Yeni Azərbaycan Partiyası olacaq”, - deyə rayon təşkilatının sədri bildirib.
Seçki qərargahının üzvləri Milli Məclisin deputatı Nigar Məmmədova, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Bayram Hüseynzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən və digər uğurlardan bəhs ediblər. Natiqlər YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri seçki məntəqələrinə gedərək partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüşlər də keçiriblər.