Seçki xəbərləri
YAP-ın qazandığı uğurların miqyası böyükdür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Binəqədi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə dövlət başçısı, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə söhbət açıb. Cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirildiyini vurğulayan təşkilatın sədri dövlətimizin gündən-günə qüdrətlənməsinin, ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində görülən işlərin analoqu olmadığını bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın qazandığı uğurların miqyası o qədər böyükdür ki, onları sadalayıb başa çatdırmaq mümkün deyil”.
Bələdiyyə üzvlüyünə namizədlər Hüseynalı Babayev, Qüdrəddin Verdixanov, Fidan Məhərrəmova çıxış edərək YAP-ın seçki proqramında əksini tapan bir sıra məsələlərə diqqət yönəldiblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.