Seçki xəbərləri
Ölkəmizin firavanlığı üçün...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Göygöl və Qızılca-Üçtəpə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib, bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb. O, həmçinin uğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçki qərargahının üzvləri Vilayət Musayev, Mahir Hacıyev, İsmayıl Əvəzov, bələdiyyə üzvlüyünə namizədlər Müşfiq Abbasov, Araz Abbasov, Rza Məmmədov, Vüqar Həsənli, Elçün Nağıyev, Ruhiyyə Dəvrişova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləyiblər. Qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə qarşıda mühüm vəzifələr dayanır və yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Seçicilər Nəriman Nağdəliyev, Rəfiqə Hacıyeva, Rüstəm Əsgərov və digərləri bələdiyyə seçkilərində Zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP namizədlərinin Üçtəpə kəndində və Firuzabad qəsəbəsində seçicilərlə məhəlli görüşləri keçirilib.