Seçki xəbərləri
Yeni hədəfləri inamla gerçəkləşdirəcəyik!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, İmişli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, YAP müstəqil Azərbaycanı parlaq gələcəyə daşımağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Bələdiyyə seçkilərinin önəmini diqqətə çatdıran rayon təşkilatının sədri vurğulayıb ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələr durur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb: “Yeni hədəfləri inamla gerçəkləşdirəcəyik”.
Seçki qərargahının üzvü İsrafil Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Qalib Mirzəyev, Şakir Bağırov və Söhbət Fərəcov seçkilər nəticəsində yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin bu sahədə müəyyən olunan hədəflərin gerçəkləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərəcəklərini bildirərək seçiciləri partiyanının namizədlərinə səs verməyə çağırıblar.