Seçki xəbərləri
“Növbəti qələbəyə imza atacağıq!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonu, Saatlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, müasir dövlətçilik tariximiz möhtəşəm nailiyyətlərlə zəngindir. Onun sözlərinə görə, qüdrətli dövlət olan Azərbaycan yeni reallıqlardan irəli gələn hədəfləri də müvəffəqiyyətlə gerçəkləşdirmək iqtidarındadır.
E.Əzizov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası budəfəki seçkilərə də ciddi uğurlarla gedir: “Əminliklə söyləmək olar ki, partiyamız növbəti qələbəyə imza ataraq dövlətçilik maraqlarından irəli gələn məqsədyönlü fəaliyyətini inamla davam etdirəcəkdir”.
Seçki qərargahının üzvləri Lütvəli Şıxəliyev, Ürvət Ağayeva, bələdiyyə üzvlüyünə namizədlər Mirələm Ağayev və Xanımbikə İsmayılova Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.