Seçki xəbərləri
Lider ölkənin lider partiyası daha bir qələbə qazanacaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Azərbaycan inamla inkişaf edərək regionun lider dövlətinə çevrilib: “Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu siyasəti ölkəmizin sosial-iqtisadi tərəqqisini, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsini, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini təmin edib. Ölkəmiz bundan sonra da mühüm nailiyyətlər qazanaraq zirvələr fəth edəcəkdir”.
Bələdiyyə üzvlüyünə namizədlər Ramil Hüseynov, Yusif Nəcəfzadə, Elmira Əliyeva, Namiq Vəliyev, Cavanşir Eyvazov və Nuranə Davrinbəyova YAP-ın seçki proqramında yerli özünüidarə orqanlarının inkişafı ilə əlaqədar əksini tapmış hədəfləri diqqətə çatdırıblar. Onlar bələdiyyələrin qarşısında önəmli vəzifələrin dayandığını vurğulayaraq qarşıda duran məqsədlərin gerçəkləşdirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. “İnanırıq ki, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın lider partiyası YAP xalqın iradəsi ilə daha bir qələbə qazanacaq”, - deyə vurğulanıb.
Seçicilərdən şəhid anası Leyla Musayeva, şəhid atası Əjdər Mirzəliyev, İrzababa İbrahimov, Mehdi Novruzov, Rövşən Abbasov, Nuranə Səlimxanova, Zahidə Şükürova, Bəsti Laçınova və başqaları Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini ifadə ediblər.