Seçki xəbərləri
Ucar seçiciləri YAP-ın qələbəsinə inanırlar
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Qazıqumlaq-Ramal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir: “Şübhəsiz, istər daxili, istərsə də xarici arenada qazanılmış nailiyyətlər Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanan və Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir”.
Təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Rəna Cəfərova, bələdiyyə üzvlüyünə namizədlər Xeyrəddin Məmmədov, Samirə Əhmədova, Günel Mustafayeva, Elnur Yusifov bildiriblər ki, bələdiyyələrin islahatlar yolu ilə təkmilləşdirilməsi yerli idarəetmə sisteminin daha müstəqil və çevik hala gətirilməsinə hesablanıb. Seçkilərdə seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırış edən bələdiyyə üzvlüyünə namizədlər, həmçinin seçkilərin tam şəffaf və demokratik şəraitdə baş tutması üçün hər cür şəraitin yaradıldığını da diqqətə çatdırıblar.
Seçicilər Əvəz Əhmədov, Ruhiyyə Qəhrəmanova, Fərqanə Niftəliyeva, Sabir Şərifov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, namizədlər məhəllə görüşləri keçirilməklə yanaşı, Əlikənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Natiq Hacıbala oğlu İsmayılovun məzarını da ziyarət ediblər.