Seçki xəbərləri
YAP milli maraqlardan irəli gələn vəzifələri uğurla yerinə yetirir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Şıxlı bələdiyyəsi üzrə seçicilərlə görüş keçirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qeyd edib ki, daim xalqın mənafeyini düşünən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir: “Partiyamız milli maraqlardan irəli gələn vəzifələri uğurla yerinə yetirir. Ölkəmizdə bütün siyasi proseslərdə aparıcı rol oynayan YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşıb və şübhəsiz ki, yeni qələbəyə imza atacaqdır”.
Seçki qərargahının üzvləri Fərhad Qocamanov, Elxan Abdullayev, İsgəndər Qurbanov, Azər Məmmədov, Cavanşir Rüstəm bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə çatdırıblar. Onlar görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Araz Vəliyev, Tahir Musayev, Şölə Mustafayeva, Qurban Mikayılov və başqaları bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.