Seçki xəbərləri
“Partiyamıza inamımız sonsuzdur!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Zərdab, Çallı və Məmmədqasımlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Azərbaycanın qazandığı bütün uğur və qələbələrin Heydər Əliyev yolu ilə bağlı olduğunu söyləyib: “Xalqımız Heydər Əliyev ideyalarına sadiqdir və bunu seçkilərdə Yeni Azərbaycan Partiyasına dəstəyi ilə ifadə edir”.
Bələdiyyə üzvlüyünə namizədlər Bəhruz Qurbanov, Elbəy Əsədov, Natiq Hüseynov, Ramilə Qurbanzadə, Hikmət Məmmədov, Sənan Əhmədzadə, Kənan İsazadə və Radim Məmmədov ölkəmizdə növbəti bələdiyyə seçkilərinin yeni dövrün çağırışları fonunda keçirildiyini söyləyiblər. Onlar YAP-ın seçki proqramında əksini tapan hədəflərin xalqın dəstəyi ilə həyata keçiriləcəyini əminliklə ifadə edərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Seçicilər İlhamə Qəribova, Azad Kərimli, Hasil Bağırov və digərləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər. “Partiyamıza inamımız sonsuzdur!”,- deyə vurğulanıb.