Seçki xəbərləri
Yeni hədəflərlə yeni zirvələrə…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Qusarçay, Yeni Həyat, Nərəcan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, bələdiyyələrin beynəlxalq əməkdaşlığının təmin olunması, yerli özünüidarəetmə sahəsindəki inkişafı sürətləndirmək və innovativ həllər tapmaq üçün mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu əməkdaşlıq, bələdiyyələrin digər ölkələrin təcrübələrini öyrənməsinə və yerli şəraitə uyğunlaşdırılmasına imkan verir.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Sadiq Ələskərov, Kəmalə Hacıyeva, Abdulla Naymanov, Cahangir Laçınov, Ceyhun Musayev, Akif Hacıyev və Nasib Abuzərov qeyd ediblər ki, qabaqcıl təcrübələrin tətbiqi, yerli idarəetmə sistemlərinin səmərəliliyini artıracaq və vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə gətirib çıxaracaq. Eyni zamanda, beynəlxalq əlaqələrin gücləndirilməsi yerli problemlərin daha geniş miqyasda müzakirə olunmasına və birgə həll yollarının tapılmasına şərait yaradacaq.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri ərazisində seçicilərlə məhəllə görüşləri keçiriblər.