Seçki xəbərləri
Növbəti qələbə ərəfəsində
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Şağlaser bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Böyükağa Axundov bildirib ki, vətəndaşların bələdiyyə işlərinə daha aktiv cəlb olunması və ictimai nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir. Qeyd olunub ki, infrastrukturun yaxşılaşdırılması, sosial xidmətlərin keyfiyyətinin artırılması və elektron idarəetmə texnologiyalarının tətbiqi islahatların mühüm istiqamətlərindəndir.
Seçki qərargahının üzvü Kitabulla Əkbərov və bələdiyyə üzvlüyünə namizədlər İbrahim Məmmədov, İdris Cabrayılov Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyini ifadə ediblər.
Seçicilər isə qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini səsləndiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın Liman, Osaküçə, Sütəmurdov və Rvo bələdiyyələri üzrə namizədləri də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüblər.