Seçki xəbərləri
İslahatlar ardıcıl xarakter daşıyır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə ardıcıl uğurlara imza atır: “Bütün sahələrdə olduğu kimi, sosial siyasət sahəsində də islahatlar, o cümlədən əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davamlı xarakter daşıyır”.
Seçki qərargahının üzvləri Şahin Şəfiyev, Sovet Şükürov, Hümbət Quliyev, Zahir Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Leyla Şükürova, Həsən Xıdırov və Akif Şahbazov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar seçicilərin etimad göstərəcəyi təqdirdə, YAP üzvlərinin bələdiyyələrin inkişafı üçün səylə çalışacaqlarını vurğulayaraq görüş iştirakçılarını partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Xatirə Əhədova, Qorxmaz Ələkbərov və başqaları Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.