Seçki xəbərləri
YAP xalqın partiyasıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid ailələri, qazilər, müharibə veteranları və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmiz növbəti siyasi hadisə ərəfəsindədir: “Bələdiyyə seçkiləri yeni uğurlar vəd edir. Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib. Bütün bu kimi yüksək, etibarlı şəraitin yaradılması bələdiyyə seçkilərində hər bir ölkə vətəndaşının rahat şəkildə iştirak etməsinə imkan verir”.
Təşviqat qrupunun üzvləri Bağı Hüseynov, Rəna Mirzəzadə, Əli Nur, bələdiyyə üzvlüyünə namizədlər Bəhram Şeydayev və Nigar Əhmədova bələdiyyələrin fəaliyyəti və həyata keçirilən mühüm işlərlə bağlı çıxış ediblər.
Görüş zamanı Yasamal rayon seçiciləri Aydın Şiriyev və Firdovsi Xəlilov çıxış edərək bələdiyyə seçkilərində hakim partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, namizədlər Yasamal rayonunda müxtəlif ünvanlarda seçicilərlə məhəllə görüşləri keçiriblər.