Seçki xəbərləri
YAP ənənəni davam etdirəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, xalqımızın rifah halının yüksəldilməsinə xidmət edən siyasi xətt bu gün dövlətimizin başçısı, YAP Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən məqsədyönlü islahatların tərkib hissəsi kimi yerli özünüidarəetmə orqanlarının fəaliyyətlərinin inkişafı da əsas prioritetlərdən biridir. O həmçinin qeyd edib ki, YAP 1993-cü ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə fəal iştirak edərək seçicilərin mütləq dəstəyini qazanıb: “Şübhəsiz, bu ənənə növbəti bələdiyyə seçkilərində də davam etdiriləcək”.
Bələdiyyə üzvlüyünə namizədlər Nigar Məmmədova, Abbas Rəhimov, Anar Nağıyev, Şakir Niftiyev seçicilərə YAP-ın seçki platforması və perspektivdə həlli nəzərdə tutulan məsələlər barədə məlumat veriblər. Onlar bütün seçiciləri növbəti bələdiyyə seçkilərində YAP-ın namizədlərinə etimad göstərməyə çağırıblar.
Görüşdə seçicilər qüdrətli Azərbaycan naminə hakim partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən, Rəsulzadə və Biləcəri bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.
Tədbirdə çıxış edən, Xocəsən bələdiyyəsi üzrə namizədlər Nigar Məmmədova, Abbas Rəhimov, Şakir Niftiyev, Qəhrəman Qəhrəmanlı, Rəsulzadə bələdiyyəsi üzrə namizəd Həcər Mirzəyeva, Biləcəri bələdiyyəsi üzrə namizədlər Fərid Cəfərov, Osman Qasımov, Samirə Həsənova, İlham Qayıbzadə, Umar Əliyev və Məzahir Lətifov Yeni Azərbaycan Partiyasının hər zaman milli maraqlara, mövcud reallıqlar və çağırışlara uyğun fəaliyyət göstərdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu, insanların partiyaya olan inamını daha da möhkəmləndirib. YAP bu gün cəmiyyətimizdə olduqca yüksək nüfuza malikdir. Heç şübhəsiz, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri də xalqın Yeni Azərbaycan Partiyasına etimadının daha bir bariz nümunəsi olacaqdır.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.