Seçki xəbərləri
Azərbaycanın parlaq gələcəyi naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını söyləyərək, partiyanın bu dəfə də inamlı qələbə qazanacağına inamını ifadə edib. O, çıxışında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Ruhəngiz Heydərova, Azər Əhmədov və bələdiyyə üzvlüyünə namizəd Xalid Kərimov əvvəlcə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Natiqlər yeni hədəflərin gerçəkləşdirilməsi ilə qalib, bütövləşən Azərbaycanın gücünün, qüdrətinin daha da artdığını, beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini əlavə ediblər.