Seçki xəbərləri
Yeni hədəflərə nail olmaq üçün...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xızı rayonu, Xızı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda qələbə əzmi ilə qatılıb: “Partiyamız ölkədə keçirilmiş bütün seçkilərdə parlaq qələbələr qazanıb. Şübhə yoxdur ki, bələdiyyə seçkiləri də YAP-ın tarixinə növbəti siyasi nailiyyət kimi yazılacaq”.
Təşviqat qrupunun üzvü Fərrux Haqverdiyev, bələdiyyə üzvlüyünə namizədlər Gülşən Rüstəmli, Yaxşıxanım Qasımova və Anar Mahmudlu yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi üçün görülən işlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, bu sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, qarşıda mühüm vəzifələr durur. Natiqlər yeni hədəflərə nail olmaq üçün seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.