Seçki xəbərləri
Ucar seçiciləri inkişafa səs verəcəklər!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Ucar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişafa nail olub, insanların rifahı daha da yaxşılaşıb və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilməkdədir. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuza malik olduğunu, qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini vurğulayaraq Ucar seçicilərinin növbəti dəfə inkişafa səs verəcəklərinə əminliyini ifadə edib.
Təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rəna Cəfərova, Yusif Məmmədov, bələdiyyə üzvlüyünə namizəd Əkbər Məhərrəmov bütün sahələrdə əldə olunan nailiyyətlərin əhəmiyyətini vurğulayıblar. “Hazırda başlıca məqsəd uğurlarımızı daha da möhkəmləndirmək üçün əzmlə çalışmaq və yeni müvəffəqiyyətlərə çatmaqdır”, - deyə vurğulanaraq seçicilərə YAP-ın namizədlərinə səs vermək çağırışı edilib.