Seçki xəbərləri
Şəkililərin seçimi ümumxalq partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Cəyirli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, bələdiyyə seçkilərinin önəminə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin ölkə vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib.
Təşviqat qrupunun üzvü Cəsarət Baxışov, bələdiyyə üzvlüyünə namizədlər Sahib Əliyev, Qurban Rəhimov və Namiq Məmmədov Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini qeyd ediblər. Yeni dövrün reallıqlarına uyğun hədəflərin uğurla reallaşdırıldığını bildirən natiqlər əhalinin rifahının yüksəldilməsinin də daim diqqətdə saxlanıldığını vurğulayıblar. “Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan layihələr, aparılan islahatlar nəticəsində bütün bölgələrdə, o cümlədən Şəki rayonunda mühüm nailiyyətlər qazanılıb”, - deyə bildirilib.
Seçicilər adından çıxış edən Azər Həsənov qarşıdan gələn bələdiyyə seçkilərində hər zaman xalqın yanında olan YAP-ın namizədlərinə səs verəcəklərini bildirib. “Şəkililərin seçimi ümumxalq partiyasıdır”, - deyə vurğulanıb.