Seçki xəbərləri
Xalq-iqtidar birliyi sarsılmazdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qarabağlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını bildirib. “Sarsılmaz təməllərə söykənən xalq-iqtidar birliyi davamlı uğurlarımızın əsasıdır. Bugünədək ardıcıl qələbələr qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin bələdiyyə seçkilərində xalqımız tərəfindən dəstəklənəcəyinə inanırıq”, - deyə o vurğulayıb.
Seçki qərargahının üzvü Hüseyn Süleymanov, bələdiyyə üzvlüyünə namizədlər Nurəddin Babayev, Ramidə Babayeva, Asif Ağammədov, Aysel Şəfiyeva, Ülvü Vəliyev, Sevil Təmoyeva, Əhməd Qənbərov, Turanə Niftəliyeva, Zülqər Cəfərzadə, Naimə Rüstəmova, Yaqub Vəliyev və Allahverdi Məmmədov YAP-ın seçki proqramında nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinin yerli özünüidarəetməni təkmilləşdirəcəyini vurğulayaraq seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.