Seçki xəbərləri
YAP bütün seçkilərdə inamlı qələbə qazanıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu, Qarasu və Abdulabad bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov dövlət-özəl təşəbbüskarlığı platformasına bələdiyyələrin daha əhatəli cəlb edilməsi ilə bağlı məlumat verib. Təşkilat sədri bildirib ki, bu, yerli icmaların inkişafını sürətləndirmək və onların ehtiyaclarına uyğun layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə mühüm bir addımdır. Nəticədə, bələdiyyələr dövlət-özəl tərəfdaşlığı vasitəsilə yerli problemləri daha effektiv şəkildə həll edə, icma inkişafını dəstəkləyə və iqtisadi artıma töhfə verə bilərlər.
Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Sahib Aslanov, Vüsal Nağıyev, Rabil Tağıyev və bələdiyyə üzvlüyünə namizədlər partiyanın seçki proqramı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, YAP keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Bu, xalqın Ümummilli Lider Heydər Əliyevə və onun siyasi kursuna olan sonsuz hörmətindən, eləcə də YAP-ın xalqın partiyası olmasından irəli gəlir.
Qeyd edək ki, Hacıqabul rayonu üzrə mövcud 7 bələdiyyə üzrə partiyanın namizədləri yerlərdə seçicilərlə fərdi və məhəllə görüşləri də keçiriblər. Seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.