Seçki xəbərləri
İnam və etimad nümunəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Xanlıqlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Cəfərli və Xanlıqlar kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyə institutunun təsis edilməsində, bələdiyyələrin hüquqi bazasının formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və bu sahədə qəbul olunan qanunlardan, normativ hüquqi aktlardan danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda uğurla irəliləyən Yeni Azərbaycan Partiyasının xalqımızın inam və etimadını qazanaraq öz hədəflərinə nail olmasını qeyd edib.
Çıxış edən seçki qərargahının üzvləri Müqabil Məmmədov, Polad Ağakişiyev, İsgəndər Qurbanov, Azər Məmmədov, Xasay Balayev, Vaqif Nəsibov, şair Cavanşir Rüstəm çıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Bələdiyyə üzvlüyünə namizədlər Mahmud Həməşəyev, Məmməd Məmmədov və başqaları çıxış edərək etimad göstəriləcəyi halda seçicilərin inamını doğruldacaqlarını söyləyiblər.
Seçicilər Mehman Nəbiyev, Azər Mustafayev, Hüseyn Hacıyev, Eldar Şahvələdov çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini söyləyiblər.