Seçki xəbərləri
Abşeron seçiciləri rəğbət bəslədikləri YAP-a səs verəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron rayonu, Novxanı kənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, YAP milli dövlətçilik tariximizdə xüsusi missiyası olan partiyadır. Bu missiya Heydər Əliyev ideyalarından, Ümummilli Liderin milli dövlətçilik fəlsəfəsindən irəli gəlir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində ölkəmizin tarixinin ən qüdrətli dövrünü yaşadığı indiki çağlarda YAP yenə də öz missiyasına, fəaliyyət prinsiplərinə sadiqdir. Təşkilatının sədri, həmçinin qeyd edib ki, YAP xalqın mənafeyini qorumaq, hüquqi dövlət quruculuğunu gücləndirmək və demokratik prinsipləri inkişaf etdirmək istiqamətində ardıcıl siyasət həyata keçirir.
Bələdiyyə üzvlüyünə namizədlər Şahin Tağıyev və Əli Mehtiyev bildiriblər ki, hazırda cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP qələbələr partiyası kimi tanınır. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə, yəni YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, YAP-ın namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüş də keçiriblər. Görüşlərdə seçicilər bələdiyyə seçkilərində böyük rəğbət bəslədikləri YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.