Seçki xəbərləri
Növbəti mühüm siyasi nailiyyət...
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, Düztahir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində qazanılan uğurlardan danışıb. O bildirib ki, dövlət başçısının müstəqil və uzaqgörən siyasəti nəticəsində həm ölkədə, həm də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşıda yeni perspektivlər açılıb: “Bu gün iftixarla söyləmək olar ki, Azərbaycan sabitlik adası, tərəqqi məkanıdır”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən bəhs edib, bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Zülfiqar Alxasov, Vüqar Məhsimov, Nasir Ağacanov, Elxan Şamuradov və Valeh Əliverdiyev YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar bələdiyyə seçkilərinin Yeni Azərbaycan Partiyasının növbəti mühüm siyasi nailiyyəti kimi tarixə düşəcəyini əminliklə söyləyiblər.
Seçicilərdən Abdulmin Məcidov, Valeh Əliverdiyev, Faiq Cumartov qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.