Seçki xəbərləri
“Yeni uğurlara birlikdə addımlayaq!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən bəhs edərək ölkənin milli gücünün artdığını vurğulayıb və qarşıda dayanan bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminliyini ifadə edib. O bildirib ki, müstəqil və uzaqgörən siyasət nəticəsindı istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının Azərbaycanın yüksəlişində - ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması və digər istiqamətlərdə çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynadığını qeyd edib. O bildirib ki, ölkəmizin inkişafına xidmət edən uğurlu fəaliyyət xalqın partiyaya inam və etibarının daha da möhkəmlənməsinə yol açıb.
Seçki qərargahının üzvü Nəzakət İsmayılzadə və bələdiyyə üzvlüyünə namizəd Ümid Şükürov YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Ölkədə keçirilən bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbə qazanacağı əminliklə ifadə olunub. “Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərməklə yeni uğurlara birlikdə addımlayaq”, - deyə seçicilərə çağırış edilib.