Seçki xəbərləri
Seçicilər uğurlu gələcəyə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva seçki platforması ilə bağlı məlumat verib və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların ardıcıl şəkildə həyata keçirildiyini deyib. Bildirib ki, bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bələdiyyə üzvlüyünə namizədlər Nuranə Novruzova, Zeynəb Seyidova, Xanım Nəcəfova, İsgəndər Eyvazov, Azər Əliyev və Sadıq Musayev çıxış edərək əldə olunan uğurlarla yanaşı, vətəndaş məmnunluğunun artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını da bildiriblər.
Seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə, başqa sözlə desək, uğurlu gələcəyə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyinə namizədlər, həmçinin Yurdçu kəndində I Qarabağ müharibəsi şəhidləri Müşfiq Səfərovun və Kamran Məmmədovun, Qıvraq qəsəbəsində II Qarabağ müharibəsi şəhidləri Həmid Qasımovun, Qabıllı kəndində İbrahim Əliyevin və Qurban İbrahimovun ailələrini də ziyarət ediblər.