Seçki xəbərləri
YAP-ın keçdiyi şərəfli yol müstəqil Azərbaycanın inkişaf tarixidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Goranboy bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, YAP-ın keçdiyi şərəfli yol müstəqil Azərbaycanın inkişaf tarixidir. O, partiyanın milli maraqları daim üstün tutduğunu diqqətə çatdırıb: “Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası yeni uğurlara imza atacaqdır”.
Görüşdə təşviqat qrupunun üzvləri - şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Səyad Quliyev və İsgəndər Səklikov əldə olunan uğurlarla yanaşı, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda mühüm vəzifələr dayandığını da qeyd ediblər. Bildiriblər ki, YAP-ın seçki proqramında bu məsələlərlə əlaqədar əsas hədəflər öz əksini tapıb.
YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verən bələdiyyə üzvlüyünə namizəd Mətanət İbrahimova partiyanın bundan sonra da xalqımızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Seçicilər yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində ölkəmizin tərəqqisinə töhfələr verən YAP-ın irəli sürdüyü namizədlərini dəstəkləyəcəklərini bildiriblər.